Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

20 fevral 2020 | 16:00

Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə  tər gül-çiçək dəstələri qoydular.
Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən hesabat yığıncağında icra hakimiyyəti başçısı Rövşən Bağırov 2019-cu ildə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. Bildirdi ki, 2019-cu il ərzində ¬respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirməklə sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmışdır.  
Prezident İlham Əliyev 2019-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə bildirmişdir: “Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olub. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olub-həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”.
Hesabat ilində ümumi daxili məhsul 2,2%, o cümlədən qeyri-neft sektoru 3,5%, əhalinin hər nəfərinə düşən ümumi daxil məhsul 1,4%, sənaye istehsalı 1,8%, qeyri-neft sektorunun sənaye istehsalı 14,3%, kənd təsərrüfatı 7,2%, nəqliyyat sektorunda yük daşınması 2,2%, nəqliyyat sektorunda sərnişin daşınması 2,7%, informasiya və rabitə xidmətləri 15,9%, pərakəndə ticarət dövriyyəsi 3,6%, əhaliyə göstərilən ödənişli xidmətlər 3,1%, dövlət büdcəsinin gəlirləri 7,5%, dövlət büdcəsinin xərcləri 7,4%, əhalinin nominal gəlirləri 7,4%, əhalinin hər nəfərinə düşən nominal gəlirlər 6,5%, əhalinin banklardakı əmanətləri 7,5%, kredit qoyuluşları 20,3%, orta aylıq nominal əmək haqqı 15,4%, əhalinin sayı 0,9%, xarici ticarət dövriyyəsi 3,2% artmışdır. İnflyasiya isə cəmi 2,6% həddində qərarlaşıb. Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 4800 dollar, valyuta ehtiyatları 51 milyard dollar, ixrac 19,6 milyard dollar, sərmayə qoyuluşu 13,5 milyard dollar olmuşdur.
Hesabat ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan ¬“SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları, Bakıda “Şimal-2” elektrik stansiyası, TANAP qaz kəməri istifadəyə verilmişdir.
Prezident İlham Əliyev müşavirədə cari ildə həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələrin icra ediləcəyini diqqətə çatdıraraq demişdir: “Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulub. Keçən il 1300 kilometr yol çəkilib. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsində yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik.
İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü Dövlət Proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaqdır”.
Azərbaycanın iqtisadi və diplomatiya sahəsində qazandığı uğurlar Davos və Münxen konfransında bir daha dünyaya sübut olundu. Qazanılmış bütün bu uğurlar  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyətinin nəticəsidir. Münxen konfransında Ermənistanın baş naziri Paşinyanın Ali Baş Komandanımızın söylədiyi tutarlı tarixi faktları qarşısında aciz və gülünc vəziyyətdə düşməsi, dünya ictimaiyyətinin gözü qarşısında biabır olması ölkə başçısının və Azərbaycan xalqının qələbəsidir. 
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizdə dinamik inkişaf davam etməkdədir. 2004-cü ildən uğurla icra olunan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarının icrası ilə bağlı rayonda yeni infrastruktur yaradılmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilmiş, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoymuş, yeni avtomobil yolları inşa edilmiş, qaz və su xətləri çəkilmiş, elektrik təsərrüfatı yenilənmişdir.
2019-cu ildə rayon üzrə 1231, o cümlədən 333 daimi, 868 isə müvəqqəti iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2019-cu illər ərzində 14681 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.
İlkin hesablamalara görə 2019-cu ildə rayonun əsas sahələri üzrə məhsul istehsalının həcmi xeyli artmışdır. Bu müsbət nəticələr tikinti-abadlıq sahəsində, ümumi daxili məhsulun artımı sahəsində, xalq təsərrüfatının, əsasən də kənd təsərrüfatının digər sahələrində görünməkdədir.
Hesabat ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 14, Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət nəticəsində yaşayış evləri qəza vəziyyətinə düşmüş vətəndaşlar üçün 30 fərdi yaşayış evi inşa edilmişdir.
Yeni il ərəfəsində Lerik şəhərində inşası başa çatdırılmış 48 mənzilli, 4 mərtəbəli, 3 girişli yeni yaşayış binasında tam təmirli və fərdi istilik sistemi ilə təmin olunmuş mənzillər vətəndaşlara verilmişdir. 56 km-lik Lənkəran-Lerik və 22 km-lik Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Monidigah və Lüləkəran kənd sakinlərinin müraciətləri nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2,5 km-lik Blaband-Monidigah və Lüləkəran kəndinə gedən 1,5 km-lik yolun asfaltlaşdırılması həyata keçirilmişdir.
Ölkə başçısının qayğı və diqqəti ilə artıq rayonun 53 yaşayış məntəqəsi, o cümlədən 2019-cu ildə Peştətük, Vizəzəmin və Cənginəvud kəndləri tam qazlaşdırılmışdır. 2020-ci il üçün rayon üzrə 10-dan çox yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Hesabat ilində şəhərin 10-dan çox küçəsi asfaltlaşdırılmışdır. Rayon sakinlərinin ən çox istirahət etdiyi Nizami küçəsindəki mərkəzi park yenidən qurulmuş, parkda müasir oturacaqlar, işıqlandırma sistemi quraşdırılmış, Həzi Aslanov, Elmar Qarayev küçələrində 200 metrdən yuxarı istinad divarı inşa edilmişdir. Şəhərin işıqlandırılmayan küçə və dalanlarında işıqlandırma işləri həyata keçirilmişdir. 2020-ci il üçün şəhərin bir neçə küçə və dalanlarının asfaltlaşdırılması, yeni istinad divarlarının tikintisi, suarxlarının qurulması, işıqlandırılması və digər abadlıq-quruculuq işlərinin aparılması planlaşdırılmışdır.
Lerik şəhərində 3 mərtəbəli, 950 yerlik şadlıq sarayının tikintisində işlər davam etdirilmişdir. Həmin ərazidə mövcud olan iki mərtəbəli binanın birinci mərtəbəsində gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün idman zalı istifadəyə verilmiş, ikinci mərtəbəsində isə hər cür şəraiti olan 10 nömrəlik otel-mehmanxananın tikintisində son tamamlanma işləri aparılır. İş adamı tərəfindən ərazidə inşa edilən binalarda 2018-ci tədris ilindən fəaliyyətə başlayan “Uğur” kurslarının Lerik filialında 2018-2019-cu tədris ilində 57 şagird, 2019-2020-ci tədris ilində isə 112 şagird təhsillərini davam etdirirlər. Kurslarda təhsil alan şagirdlərlə 22 nəfər müxtəlif ixtisaslı müəllimlər məşğul olur. Ümumilikdə kursun fəaliyyətə başlaması ilə əlaqədar 30-a yaxın rayon sakini işlə təmin edilmişdir. Kursda təhsil alan məzunların 98 faizi ali məktəblərə qəbul olunmuşdur.
“Relax” turizm istirahət mərkəzində dəyəri 1 milyon 280 min manat olan yeni otellər, Piran kəndində yanacaqdoldurma məntəqəsi inşa edilir.
Son illər rayonumuzun ayrı-ayrı ərazilərində yaşayan əhali və rayonumuzdan köçərək ölkənin digər yerlərində yaşayan həmyerlilərimiz doğulub boya-başa çatdıqları kəndlərin abadlaşdırılmasından ötrü hər kəs tərəfindən bəyənilən quruculuq-abadlıq işləri həyata keçirirlər. Əvvəlki illərdə Lərmərud, Vizəzəmin, Gürdəsər, Şingədulan, Livədirqə, Bürsülüm və digər kəndlərimizdə abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Ötən il Çayrud kəndində görülən işlər əvvəlki illərdə rayon ərazisində görülən işlərdən həm miqyasına və həm də işlərin görülməsi üçün cəlb edilən ianələrin məbləğinə görə fərqlənir.
Soru kəndində iş adamı tərəfindən kənd qəbiristanlığı mişar daşlarından istifadə edilməklə hasara alınmış, qəbiristanlığın ətrafı abadlaşdırılmışdır.
Rvarud kənd sakinlərinin dəstəyi ilə Monidigah-Rvarud avtomobil yolunda təmir-bərpa işləri aparılmışdır.
2019-cu ildə rayonumuzun büdcəsinin limit daxilində xərclənməsinə nəzarət edilmiş, büdcə təşkilatları tərəfindən artıq xərclərə yol verilməmiş, büdcə vəsaiti hesabına əsas sosial ödəmələrin maliyyələşdirilməsi təmin edilmiş, əmək haqları, pensiya üzrə bütün öhdəliklər yerinə yetirilmişdir.
Carı il ərzində rayon Məşğulluq Mərkəzinə 1658 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Hal-hazırda mərkəzdə 2023 nəfər vətəndaş işaxtaran kimi qeydiyyatdadır. Hesabat ilində 365 nəfəri “Dost İş Mərkəzi”nin xətti ilə ictimai işlərə cəlb edilmişdir. İşə götürülmüş vətəndaşlara il ərzində 968,6 min manat əmək haqqı ödənilmişdir. Özünüməşğulluq Proqramına əsasən 120 nəfər, o cümlədən 2019-cu ildə 60 nəfər aktivlərlə təmin edilmişdir. Hər il olduğu kimi bu ildə rayonda “Əmək yarmarkası” keçirilmişdir.
Hesabat ilində 24 milyon 571 min manat pensiya, 5 milyon 628 min manat sosial müavinət, təqaüd və kompensasiya ödənilmişdir. DSMF-nun rayon şöbəsi tərəfindən 70 nəfər ahıl, tənha və qocaya xidmət göstərilir. 2019-cu ildə sanatoriya və bərpa mərkəzlərinə gedən əlillərə 48 ədəd yollayış növbə əsasında verilmişdir.
“52 №-li Yol İstismar” MMC-nin kollektivi 494 km avtomobil yoluna xidmət göstərir. Hesabat ilində 1 milyon 160 min manat proqnoza qarşı 1 milyon 154 min manat, o cümlədən qış tədbirləri üçün 190 min manat, cari təmir işləri üçün 739 min manat, sudan mühafizə tədbirləri üçün isə 225 min manat vəsait xərclənmişdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı 3,1%, qoyun-keçilərin baş sayı 1,4%, diri çəkidə ət istehsalı 6,6%, süd istehsalı 47%, yumurta istehsalı isə 1% çox olmuşdur. Taxıl, kartof, tərəvəz sahələrindən, meyvə bağlarından bol məhsul əldə edilmişdir.
Tam gücü ilə işləməyən “Lerik Broyler” MMC-də 2019-cu ildə 2153 sentner quş əti istehsal edilib satılmışdır. Hazırda  burada 57 nəfər fəhlə və qulluqçu çalışır.
2019-cu il üçün əkin və biçinə, süni mayalanmadan alınan buzovlara və arıçılara ümumilikdə 435 min manat subsidiya ödənilmişdir. Arıçılığın inkişaf etdirilməsindən ötrü rayon icra hakimiyyəti respublikamızda fəaliyyət göstərən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) təşkilatı ilə birgə rayonun Piran kəndində bal qablaşdırma sexinin tikintisini həyata keçirir.
2019-cu təsərrüfat ili üçün rayon ərazisində 28 hektar sahədə “Virciniya” və “İmmuna” tütün sortları əkilmişdir. Tütünün yığım kompaniyası müvəffəqiyyətlə başa çatdırılmışdır.
İlin əvvəlindən əhaliyə 115 milyon 505 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,3% və ya 4 milyon 277 min manat, pullu xidmətlərin həcmi isə 2% və ya 771 min manat çoxalmışdır.
01 yanvar 2020-ci il tarixə rayon əhalisinin sayı 85,8 min nəfər, o cümlədən təbii artım 1039 nəfər, doğum 1400 nəfər, ölüm 361 nəfər, nikah 592 nəfər, boşanma 71 nəfər olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 07 sentyabr 2016-cı il tarixli “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında“ 1040 nömrəli Fərmanı, Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 517 nömrəli Qərarının icrasının təmin edilməsi ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti başçısının 09 yanvar 2017-ci il tarixdə 03 nömrəli sərəncamı ilə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılmışdır. 2019-cu ilin 01-10 oktyabr tarixlərində 11 mindən çox ev təsərrüfatlarında əhalinin siyahıyaalınması uğurla keçirilmiş və yekun  sənədlər Dövlət Statistika Komitəsinə təhvil verilmişdir. Bu kompaniya çərçivəsində 278 nəfər müvəqqəti işlə təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında keçən il olduğu kimi bu il də rayon sakinlərinin kütləvi dispanserizasiyası işləri uğurla aparılmışdır. Lerik Rayon Mərkəzi Xəstəxanasında Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon mərkəzi xəstəxananın təşkilatçılığı ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün Lənkəran Regional Qan Bankının əməkdaşları tərəfindən könülü qanvermə aksiyaları keçirilmişdir. Keçən il ana və bir yaşadək uşaq ölümləri qeydə alınmamışdır.
Yaponiya Dövlətinin maliyyə dəstəyi ilə Pirasora və Conu kəndlərində, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Cəngəmiran kəndində həkim məntəqələri inşa edilmişdir.
“Tibbi sığorta haqqında” qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə bağlı rayonumuzun səhiyyə sahəsində də hazırlıq işlərinə start verilmişdir. 2020-ci ilin iyul-sentyabr aylarında rayonumuzda fəaliyyətə başlayacaq bu sistem inanırıq ki, tibb işçilərinin əhalimizin sağlamlığının keşiyində daha inamla durmasını təmin edəcəkdir.
2018-2019-cu tədris ilində rayonun 106 ümumtəhsil məktəblərində 6637 nəfər, keçən ilə görə 436 nəfər az şagird, 12 dövlət məktəbə qədər uşaq müəssisəsində isə 429 nəfər uşaq vardır. Rayonun məktəb və bağçalarında 1263 nəfər müəllim və pedaqoji işçi çalışır.
Təkcə 2019-cu ildə Təhsil Nazirliyinin sifarişi ilə 620 şagird yerlik 11 modul tipli, Orand və Əvilə kəndlərində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılmış, 120 şagird yerlik iki modul tipli və 180 şagird yerlik Siyov kənd tam orta məktəbinin tikintisi davam etdirilir. Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpusunda əsaslı təmiri işləri həyata keçirilir, yeni müasir tələblərə cavab verən yataqxananın tikintisinə başlanılmışdır.
Orand kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın, Lerik Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin rəhbərliyi, təhsil işçiləri, ağsaqqallar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə həyata keçirilmişdir.
Heydər Əliyev Fondunun sifarişi ilə podratçı təşkilat tərəfindən Piran kəndində 75 yerlik uşaq bağçasının tikintisi həyata keçirilir. Noda kəndində inşa edilmiş 50 yerlik uşaq bağçasının yaxın günlərdə açılışı həyata keçiriləcəkdir.
2019-cu ildə 170 məzun ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Bu il ali məktəblərə qəbul olunanların 43 nəfərini  qızlar təşkil edir. Züvüç kənd tam orta məktəbinin məzunu Zaur Abbasqulu oğlu Səmədli həm də yüksək təhsil göstəricilərinə görə Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinə əsasən qızıl medalla təltif olunmuşdur. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti tərəfindən həmişə olduğu kimi bu il də müəllimlərimizin əməyi yüksək qiymətləndirilmişdir. Gürdəsər kənd tam orta məktəbinin müəllimi Cəbrayılov Vahid Allahyar oğlu ölkə rəhbərinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
May ayının 2-də Mədəniyyət Nazirliyinin təşəbbüsü və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən "Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalına dağlar diyarı, uzunömürlülər məskəni Lerik rayonu ev sahibliyi etdi.
Heydər Əliyev meydanında keçirilən festivalda nazirliyin məsul işçiləri, regional mədəniyyət idarələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri, respublikamızın digər bölgələrindən gələn qonaqlar və yüzlərlə lerikli iştirak edirdi. Rayonumuzda keçirilən bu festivalın yaratdığı xoş ovqat və təəssürat uzun illər rayonumuza gələn qonaqların və rayon sakinlərinin yaddaşlarından silinməyəcəkdir.
Respublikanın paytaxtı və regionlarda fəaliyyət göstərən teatr kollektivləri hesabat ilində də  rayonumuzda qastrollarda iştirak etmişdir. Azərbaycan Respublikasının xalq artisti, Nəcəf bəy Vəzirov adına Lənkəran Dram teatrının aktyoru Qabil Quliyevin 70 illik yubileyi Lerik rayon mədəniyyət mərkəzində təntənə ilə qeyd olunmuş, teatrın truppası Üzeyir Hacıbəyovun felyetonları, pamfletləri və hekayələri əsasında hazırlanmış "Olanlardan-keçənlərdən" tamaşasını təqdim etmişdir.
Cənab Prezidentin sərəncamı ilə “Nəsimi ili” elan edilmiş 2019-cu ildə rayonda dahi şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş ümumrayon tədbiri musiqi kollektivlərinin, qiraət ustalarının, həvəskar aktyorların çıxışları ilə yadda qalmışdır.
2019-cu ildə tarix-diyarşünaslıq muzeyinə gələnlərin sayı 2,5 min nəfər,  kitabxanalarda oxucuların sayı isə 24,7 min nəfər olmuşdur. Kitabxanalarda kitabların sayı 309,4 min nüsxəyə çatdırılmışdır.
Heydər Əliyev Mərkəzində il ərzində 98 tədbir keçirilmiş, 4982 nəfər ziyarətçi Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, foto və digər arxiv sənədləri ilə tanış olmuşdur.
Hesabat ilində “Bayraq muzeyi”nə gələn ziyarətçilər də ölkəmizin keçmişi, bu günü ilə tanış olmuş, zəngin dövlətçilik ənənələrinə malik ölkəmiz haqqında geniş məlumatlar almışlar. “Uzunömürlülər” muzeyinə gələnlərin sayı əvvəlki illə nisbətən daha da artmışdır.
Yeni il və Novruz şənlikləri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  96 illiyi, lerikli ziyalı, həkim Balağa Bağırovun 90 illik yubileyi və digər bayram tədbirləri rayonda fəaliyyət göstərən özfəaliyyət kollektivlərinin iştirakı ilə rəngarəng keçirilmişdir.
2019-cu il ərzində rayonun bütün idarə və müəssisələrində 1170 hüquqpozmalar qeydə alınmışdır. Hüquqpozmalar əsasən rayon icra hakimiyyəti, yol nəqliyyatı, məhkəmə, polis şöbəsi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsi və digər idarə, müəssisələr tərəfindən qeydə alınmış, bununla bağlı aidiyyəti təşkilatlar tərəfindən 46990 manat cərimə tətbiq olunmuşdur. 2018-ci illə müqayisədə 263 halda çox inzibati xətaya yol verilmiş, 29 faiz çoxalma müşahidə olunmuşdur.
Rabitə sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən istehlakçılara faktiki qiymətlə 660 min manatlıq və ya ötən illə müqayisədə 57 min manat və ya 9,4% çox rabitə xidməti göstərilmişdir. Rabitə xidmətlərinin 61,7 min manatı və ya 9,4% idarə və müəssisələrə, qalan 90,6% və ya 618 min manatı isə əhaliyə göstərilmişdir. Bu iki müəssisədə 145 nəfər fəhlə və qulluqçu çalışır.
Rayon telekommunikasiya qovşağı tərəfindən xətt şəbəkəsində 330 ədəd rabitə dirəyi və 15 ədəd dəmir-beton calaq sərf olunmaqla, ümumilikdə 164,6 km məsafədə təmir işləri aparılmış, əyri dirəklər düzəldilmiş, qısa və ya çürük dirəklər dəyişdirilmiş, kabellər tarıma çəkilmişdir. 6,4 km uzunluqlu müxtəlif tutumlu TPP kabelləri sərf olunmaqla yeni xətt tikintisi və ya zədəli kabellərin dəyişdirilməsi işləri aparılmışdır. 21,1 km P-274 naqili sərf olunmaqla 76 ədəd yeni telefon çəkilmiş, 42 ədəd abunəçi xətti tam dəyişdirilmiş, 186 ədəd abunəçi xətti isə qismən təmir olunmuşdur. Tikəband kənd və Brkandul kənd EATS-i yeni akkumlyatorlarla təmin olunmuşdur.
Rayonun Bürsülüm, Tülüconu kənd inzibati ərazi dairələrində, Noda, Xanagah kəndlərində telefonlaşma işlərinin aparılmaması əhalini narahat edən problemlərdəndir. Rayon telekommunikasiya qovşağının rəhbərliyi problemin həlli istiqamətində aidiyyəti qurumlarla birgə iş aparmalı və məsələnin həllinə nail olmalıdır. 2018-ci ildə Bürsülüm ərazisinin telefonlaşması nəzərdə tutulsa  da, hələ də işə başlanılmamışdır.
Nəqliyyat sektorunda 382 min ton və ya ötən illə müqayisədə 1,1% çox yük, 1 milyon 708 min, 22 min və ya 1,3 % çox sərnişin daşınmışdır. Yük və sərnişin daşınmasından 3 milyon 319 min manat gəlir əldə olunmuşdur ki, bu da keçən ilə görə 111  min manat və ya 3.5% çoxdur.
Rayon elektrik şəbəkəsində 5 ədəd 35/10 kv-luq yarımstansiya, 244 ədəd 10/04 kv-luq transformator, 73,5 km 35 kv-luq hava xətti, 530,2 km-lik 10 kv-luq hava xətti, 570 km-lik 04 kv-luq hava xətti, 88 km-lik 04 kv-luq sip kabel hava xətti istismardadır. Şəbəkə tərəfindən 9895 əhali, 1195 qeyri-əhali abonentinə xidmət göstərilir.
Hesabat ilində 10 kv-luq hava xətlərində 186, 04 kv-luq hava xətlərində 218 çürümüş, istismar müddətini bitirmiş dayaq dəmir dayaqlarla, 10 kv-luq hava xətlərində 7,5 km naqil AS-35 naqili ilə, 04 kv-luq hava xətlərində sıradan çıxmış 3,4 km naqil və 1,4 km sip kabel yenisi ilə əvəz edilmişdir. 10 yeni transformator quraşdırılmış, 22 transformator təmir edilmiş, 1300 köhnə sayğac dəyişdirilmiş, 70 yeni sayğac qoyulmuşdur.
“Azərişıq” ASC tərəfindən Çayrud kəndinin elektrik təsərrüfatı yenidən qurulur. Layihə-smeta sənədləri əsasında investisiya təşkilatı tərəfindən 04 kv-luq hava xətlərində 400 ədəd yeni dəmir dayaq, 8,1 km sip kabel hava xətti çəkilmişdir. Hal-hazırda tikinti işləri davam etdirilir.
2020-ci il üçün Zövnə və Lərmərud kəndlərinin sip kabelləşdirilməsi, 7 saylı Zuvand, 2 saylı Züvüç, 2 saylı Tülüconu, 3 saylı Vizəzəmin, 1 saylı Çayrud 10 kv-luq hava xətlərinin əsaslı təmiri və yenidən qurulması nəzərdə tutulmuşdur.
Lerik şəhərinə alternativ su xəttinin çəkilməsi işləri başa çatdırılmışdır. Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə yeni su xəttinin çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir. 
Heydər Əliyev Fondunun sifarişi ilə podratçı təşkilat tərəfindən Piran kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar olaraq kəndə 3,5 km-lik məsafədən su xətti çəkilir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə rayonumuzda mövcud olan 162 yaşayış məntəqəsinin 53-ü mavi yanacaqla təmin edilmişdir. 109 yaşayış məntəqəsində yaşayan 10 minə yaxın ailə, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələr yanacaq kimi ancaq odundan istifadə edirlər. Lakin hesabat ilində istər əhali, istərsə də digər təşkilatlar odun tədarükü ilə bağlı çox böyük çətinliklərlə üzləşdilər. Əhalinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların odunla təmin olunması işi Lənkəran Regional Meşə Mühafizə Mərkəzinin rəhbərliyi tərəfindən qanunamüvafiq qaydada həllini tapmalı, bu sahədə şəffaflıq tam təmin olunmalıdır.
Ölkəmizdə 10 milyonuncu adamın dünyaya gəlməsi və “Nəsimi ili” ilə bağlı ağac əkmə kompaniyası rayon əhalisinin iştirakı ilə bayram əhval ruhiyyəsində keçirilmişdir.
2019-cu il həm də növbəti bələdiyyə seçkiləri ilə yadda qalmışdır. 29 bələdiyyə üzrə namizədliyi qeydə alınmış 681 nəfərdən 263 nəfəri bələdiyyə üzvü seçilmişdir. Sevindirici hallardan biri də odur ki, bələdiyyə üzvlərindən 260-ı ali təhsilli, 106-sı qadın, 128-i isə gənclərdir. Bunlardan 179 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləri, 15-i digər partiyaların üzvləri, 69-u isə bitərəflərdir. Artıq rayon üzrə yeni seçilmiş bütün bələdiyyələrin ilk iclaslarında təşkilati məsəllərə baxılmış və 29 bələdiyyə üzrə seçilən bələdiyyə sədrləri ali təhsilli, onlardan 9-u qadın, 26-sı Yeni Azərbaycan Partiyasının üzvü, 1-i digər partiyanın üzvü, 2-si isə bitərəfdir. Seçki prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlinməmişdir. Biz inanırıq ki, əvvəlki illərdə həllini tapa bilməyən problemlər yeni formalaşmış bələdiyyə qurumları tərəfindən həll ediləcək, onlar xalqın verdiyi mandata vicdanla xidmət edəcəklər.
Rayon idman və gənclər idarəsi rayon gəncləri ilə birlikdə rayonun bütün tədbirlərində aktivlik nümayiş etdirmişlər. Tarixi günlərə həsr edilmiş müxtəlif növ yarışlar, seminarlar, konfranslar, konsert proqramları həm də gənclərimizin asudə vaxtlarının səmərəli keçirməsinə şərait yaratmışdır. Şagirdlər arasında keçirilən rəsm, şeir, inşa yazı müsabiqələri uşaqlarımızın gələcək seçiminin formalaşmasında, vətənə, elə-obaya, torpağa bağlılıq hisslərinin artırılmasında müstəsna rol oynamışdır.
06-08 may 2019-cu il tarixdə Bakı şəhərində keçirilmiş “Xəmsə” Milli İntellektual Oyunu üzrə XI Azərbaycan çempionatının final mərhələsində Lerik rayonunu təmsil edən “Stimul” komandası parlaq oyun nümayiş etdirərək finalçılar arasında yer almışdır. Son illərdə qazanılan bu uğurların nəticəsidir ki, Lerik rayon Gənclər və İdman İdarəsi Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclərinin İntellektual İnkişaf Mərkəzinin birgə təsis etdiyi 2019-cu ilin ən yaxşı Gənclər və İdman İdarəsi adına layiq görülmüşdür.
2019-cu ildə Lerik komandası Respublikanın bütün bölgələrini təmsil edən 36 komandanın iştirak etdiyi və İctimai televiziyada yayımlanan “Breyn-rinq”  intellektual oyununda ikinci dəfə qatılmasına baxmayaraq parlaq oyun nümayiş etdirərək final mərhələsində mübarizə aparmışdır.
Rayon gənclər və idman idarəsinin dəstəyi ilə məktəblilər və gənclər arasında müxtəlif növ idman yarışları, Azərbaycan Karate-do Federasiyası «Ayaz» karate klubunun birgə təşkilatçılığı ilə şəhid Ağayev Ruslan Qalib oğlunun xatirəsinə həsr olunmuş karate üzrə cənub regional çempionatı, stolüstü tennis yarışı keçirilmişdir.
Rayonumuzda dini dözümlülüyün təmin edilməsi məqsədi ilə dini icmalarla əlaqəli işin qurulması, dövlət-din münasibətlərinin təbliği, radikal dini cərəyanların yayılmasının qarşısının alınması mövzusunda 2019-cu ildə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər əlaqədar təşkilatlarla birgə vaxtaşırı tədbirlər keçirilmiş, rayonda dini sabitliyin qorunması təmin edilmişdir.
Rayonda 15 siyasi partiyanın yerli təşkilatı fəaliyyət göstərir. Bu partiyalardan 1-i iqtidar, 2-si iqtidaryönümlü, 12-si müxalifət partiyasıdır. İqtidaryönlü və müxalifət partiya üzvlərinin ümumi sayı 422 nəfərdir.
Respublikanın hər yerində olduğu kimi rayonumuzda da YAP ən nüfuzlu, bütün sahələrdə öz sözünü deməyi bacaran, sıraları günü-gündən artan, xalqın böyük əksəriyyətini özündə birləşdirməyi bacaran partiyadır. 58 ilk təşkilatda olmaqla partiya üzvlərinin sayı 2019-cu il ərzində 4289 nəfərə çatmışdır ki, bunun da 883 nəfəri qadın, 1830 nəfəri isə gənclərdir. Hesabat ilində 175 nəfər partiya sıralarına qəbul olunmuşdur.
Müxalifət partiyalarının rayon təşkilatları tərəfindən heç bir kütləvi tədbir keçirilməmişdir. Rayonda ictimai-siyasi vəziyyət sabitdir.
Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisi buraxılmış və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 9 fevral 2020-ci il tarixə təyin edilmişdir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçici siyahılarının dəqiqləşdirilməsi, məntəqələrin seçkiyə hazırlanması, namizədlərin təbliğat-təşviqat işlərinin aparılması üçün müvafiq yerlərin ayrılması və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq digər məsələlərin həyata keçirilməsi üçün tədbirlər həyat keçirilmişdir. 78 saylı Lerik Seçki Dairəsi üzrə namizədliyi qeydə alınmış bütün namizədlər üçün bərabər şəraitin yaradılması təmin edilmişdir. Seçki dairəsi üzrə 15 nəfərin namizədliyi qeydə alınmış və namizədlər tərəfindən 17 yanvar 2020-ci ildən başlayaraq 08 fevral 2020-ci il tarixədək təbliğat-təşviqat işləri həyata keçirilmişdir. Gərgin mübarizə şəraitində keçən seçkilərdə rayon sakinləri dövlətə, dövlətçiliyə sadiqliyini bir daha nümayiş etdirdi.
2019-cu ildə rayon icra hakimiyyəti başçısı yanında Şuranın 28 iclası keçirilmişdir. Bu iclaslarda iqtisadi, sosial-mədəni və digər yerli əhəmiyyətli 33 məsələ müzakirə edilmişdir. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokollarla rəsmiləşdirilmişdir. Rayon icra hakimiyyəti başçısı tərəfindən ayrı-ayrı məsələlərlə bağlı 258 sərəncam və 171 əmr imzalanmışdır.
İl ərzində rayonun bütün inzibati ərazi dairələrində rayon icra hakimiyyəti başçısı tərəfindən rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə keçirilmiş 50 səyyar görüş-qəbulda 3966 nəfər vətəndaş iştirak etmiş, 428 nəfər qəbul edilmiş və onların müraciətlərinə baxılmışdır.
2019-cu ildə rayon icra hakimiyyətinə 2275, keçən ilin müvafiq dövrünə nisbətən 816 çox yazılı müraciət daxil olmuş, 1646 nəfər, keçən ilə nisbətən 397 nəfər çox vətəndaş rayon icra hakimiyyəti başçısının qəbulunda qeydiyyata alınmışdır. Baxılmaq üçün rayon icra hakimiyyətinə göndərilmiş bu müraciətlər qanunamüvafiq qaydada araşdırılmış və nəticəsi barədə vətəndaşlara cavab verilmişdir.
Hesabat ilində RİAİS sisteminə bütün məlumatlar tələb olunan vaxtda və operativ qaydada yerləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən 11 aprel 2019-cu il və 14 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon vətəndaşlarını qəbul etmişdir.
2019-cu ilin yekunları və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini təmin etmək, əhalini narahat edən məsələlərin həllinə nail olmaq məqsədi ilə ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ərazi icra nümayəndələrinin açıq hesabat iclaslarının keçirilməsi başa çatdırılmışdır.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ildə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Mayıl Şahverdiyev, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Lerik Rayon Mədəniyyət  Mərkəzində vətəndaşları qəbul etmişdir.
Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori, Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyəti, ABŞ-ın Azərbaycandakı Səfirinin müavini Maykl Dikerson, USAİD-in ofis direktoru Aylin Loules Lerikə səfər etmişlər.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 01 iyul 2019-cu il tarixdən 30 iyul 2019-cu il tarixədək səyyar “ASAN xidmət”in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusu rayonumuzda olmuş və rayon sakinlərinə xidmət göstərmişdir. Ümumilikdə 1965 nəfər “ASAN xidmət”ə müraciət etmiş, 1921 sənəd qəbul edilmişdir.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən layihə çərçivəsində rayonumuzun fəal məktəbliləri respublikanın ayrı-ayrı rayonlarına göndərilmiş, onlar olduqları rayonların  təbiəti, tarixi, milli mətbəxi ilə tanış olmuşlar.
Rayonumuzdakı ictimai stabillik, müxtəlif peşə adamlarının tutduqları vəzifədən asılı olmayaraq dövlətə sədaqətlə xidməti həmişə Azərbaycan Respublikası Prezidentinin diqqət və nəzarətində olmuşdur. Hesabat ilində Lerik Rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin müdiri Əflatun İbrahimovun Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə, Rvarud kənd baytarlıq məntəqəsinin həkimi Rufulla Həsənovun “Tərəqqi” medalı, uzun illər dövlətçiliyə xidmət etmiş Rvarud kənd sakini Sucəddin Salayev və Vistən kənd sakini Hilal Qubadovun “Cümhuriyyətin 100 illiyi” medalı ilə təltif olunması cənab Prezidentin rayonumuzun hər bir sakininə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Rayonumuzun inkişafına göstərdiyi qayğı və diqqətə, aparılan quruculuq, abadlıq işlərinə görə rayon əhalisi adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildirir və zati-alilərini əmin edirik ki, bundan sonra da hər bir vətəndaşın yaxşı yaşaması və işləməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı məqsədilə imzaladığınız Fərman və Sərəncamlar, verdiyiniz tapşırıq və tövsiyələr qarşımıza qoyduğunuz vəzifələr layiqincə yerinə yetiriləcək və Lerik rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.
Məruzə ətrafında rayon maliyyə idarəsinin müdiri Elman Abbasov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidov, Lerik rayon mərkəzi xəstəxanasının publik hüquqi şəxsin baş direktoru Mübariz Ağayev, Lerik bələdiyyəsinin sədri Balaşirin Nəsirov, rayonun fəal gənci Pərviz Ağaxanlı və sahibkar Ələkbər Salayev çıxış edərək 2019-cu ildə rayonda ayrı-ayrı sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş abadlıq-quruculuq işləri haqqında məlumat verdi, reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələrin icrasında Azərbaycanın və onun liderinin rolunu diqqətə çatdırdı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası, xüsusilə qeyri-neft sektorunun inkişafı nəticəsində açılan yeni iş yerləri, regionların inkişafı nəticəsində əhalinin sosial məişət şəraitinin yaxşılaşdığını qeyd etdi. Təkcə ötən il valyuta ehtiyatlarının 6,4 milyard dollar artaraq 51 milyarda çatdığını bildirdi. Qeyd etdi ki, cənab Prezidentin qayğı və diqqəti ilə minimum əmək haqqının 2 dəfə, əmək haqqı və bütün növ pensiya,  müavinətlərin artırılmasının əhali tərəfindən razılıqla qarşılanmışdır. 2019-cu ildə də təhsil, səhiyyə müəssisələrini, idman komplekslərinin, “Asan Xidmət” mərkəzlərinin tikintisinin aparıldığını, 15 min km-dən çox avtomobil yollarının çəkildiyini, körpülərin salındığını diqqətə çatdıran natiq Azərbaycanın iqtisadi qüdrətinin artması ilə yanaşı, hərbi qüdrətinin də gündən-günə möhkəmləndiyini, Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını qeyd etdi. Cənab Prezidentin uğurlu daxili siyasəti ilə yanaşı beynəlxalq arenada diplomatiya sahəsində də möhtəşəm uğurlara imza etdiyini vurğuladı və cənab Prezidentin Davos və Münhen konfranslarındakı çıxışlarının bunun əyani nümunəsi olduğunu bildirdi.
Daha sonra D.Abdullayev məruzə ətrafında edilən çıxışlarda qaldırılan məsələlərə münasibət bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Sonda Şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər