Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirildi

13 fevral 2020 | 16:00

Fevralın 13-də Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşları, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Öncə tədbir iştirakçıları Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzdülər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, 2011-ci il dekabrın 23-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il fevralın 13-də həmin Qanunun tətbiqi haqqında imzaladığı Fərmanla vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi və digər müvafiq sahələrdə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı.
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz işini digər aidiyyəti dövlət orqanları ilə qarşılıqlı fəaliyyət şəklində qurmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin hərbi və siyasi, habelə digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sistemində Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi tədbirləri də mühüm yer tutur. Son illərdə Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə vətəndaşların həqiqi hərbi xidmətə çağırışının keçirilməsi məsələlərini tənzimləyən normativ hüquqi aktlar daha da təkmilləşdirilmiş, bu sahədə dövlət və yerli özünüidarəetmə orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında ildə dörd dəfə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı rayonumuzda da uğurla həyata keçirilir. Bir neçə çağırışçının müxtəlif xarici ölkələrdə yaşaması ilə bağlı onların çağırış komissiyasından keçməməsi halları istisna olmaqla, rayonda hərbi xidmətə çağırışdan yayınan çağırışçılar, demək olar ki, yoxdur. Hər dəfə bu sahədə tapşırığın yerinə yetirilməsi faizi yüksək olur. Yerli icra orqanları da bu işdə öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirirlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümünə həsr edilmiş tədbirdə məruzə ilə çıxış edərək bildirdi ki, bu gün müstəqil Azərbaycanın Milli Ordu quruculuğu prosesi ölkə siyasətinin prioritetlərindəndir və bu istiqamətdə işlər uğurla davam etdirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə davam etdirilən hərb quruculuğu artıq yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Ordusu istənilən an düşmənə sarsıdıcı zərbə vurmaq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin may ayında keçirilmiş Günnüt əməliyyatı bütün bunlara sübutdur. Azərbaycan Ordusu artıq dünya miqyasında güclü ordular sırasındadır.  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır.
Əsası məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan hərbi çağırış və səfərbərlik  sistemi də ötən 100 ildə şərəfli yol keçərək bu günümüzə gəlib çatmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 8 il ərzində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini vermişdir. Xidmət yaradıldıqdan sonra həqiqi hərbi xidmətə çağırış sisteminə diqqət artırılıb, müvafiq qanunvericilik bazası təkmilləşdirilib. Xidmətin Lerik rayon şöbəsinin qarşısına bu istiqamətdə qoyulmuş vəzifə və tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilmişdir.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, ağsaqqallar adından Qəhrəman Əliyev və Möhkəm Əliyev, rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, rayon məhkəməsinin sədri Atabəy Kiçibəyov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşlarını Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü münasibətilə təbrik etdilər, onlara xidməti fəaliyyətlərində uğurlar arzuladılar. Çıxış edənlər son illər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlardan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ordu quruculuğundakı rolundan, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılması və ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində görülən tədbirlər barədə geniş məlumat verərək bildirdilər ki, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılması, ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində aidiyyəti dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla birgə iş aparılır, hərbçilərlə gənclərin görüşlərinin keçirilməsi təmin edilir. İldə dörd dəfə cənab Prezidentin müvafiq sərəncamları ilə gənclərin orduya yola salınması təntənəli şəkildə, bayram əhvali-ruhiyyəsində təşkil edilir.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin xidmətdə fərqlənən əməkdaşlarına Xidmət rəisinin əmri əsasında təşəkkür elan olundu, fəxri fərmanlar təqdim edildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov yekun sözü ilə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal altında olan ərazilərinin azad edilməsi istiqamətindəki gərgin və səmərəli fəaliyyəti öz bəhrəsini verməkdədir. Bu gün ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycanın Milli Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.
2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz tərəfindən düşmənin təxribatçı əməllərinin qarşısının alınması və onlara sarsıdıcı zərbənin endirilməsi hər bir vətəndaşda böyük qürur hissi oyatdı. Erməni silahlı qüvvələrinin cəbhəboyu mövqelərimizə hücumunun qarşısının alınması məqsədilə aparılan hərbi əməliyyatlarda Milli Ordumuzun rəşadətli döyüş nümayiş etdirməsi hər bir vətəndaşda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında qısa bir zamanda torpaqlarımızın işğaldan tamamilə azad edilməsinə qəti inam yaratdı. Eləcə də 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatının həyata keçirilməsi və işğalda olan bir sıra ərazilərin geri alınması həm də həmin istiqamətdə düşmənin mühüm strateji obyektlərini nəzarət altına almağa imkan vermişdir. Prezident İlham Əliyevin bu cür qətiyyətli addımları, yüksək döyüş hazırlığı ilə seçilən Silahlı Qüvvələrimizin qələbəsi xalqımızda ruh yüksəkliyini daha da artırmışdır. Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qısa zaman ərzində torpaqlarımızı işğaldan azad edəcəkdir.

Keçidlər