31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirildi
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramsayağı bəzədilmiş Lerik şəhərinin Heydər Əliyev Meydanında yeni il rəmzi olan “Yolka” ətrafında Şaxta Baba və Qar qızın iştirakı ilə rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqalların, məktəblilərin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirildi.
Bayram tədbirini Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açıq elan edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək rayon əhalisini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün artıq hər il dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə keçirilir.
Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində yola salmağa hazırlaşdığımız 2019-cu il də xalqımızın yaddaşında ölkəmizin inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması naminə çoxsaylı dövlət tədbirlərinin həyata keçirildiyi, nailiyyətlərlə dolu islahatlar ili kimi qalacaqdır.
Cənab Prezidentin minimum əmək haqqı, təqaüd və müavinətlərin artırılması, problemli kreditlərin həlli ilə əlaqədar imzaladığı sərəncamlar və əhalinin sosial rifahının yaxşılaşdırılması naminə qəbul etdiyi digər humanist qərarlarla insanlarımızın güzəranı daha da yaxşılaşmış, rahatlığı, firavanlığı təmin olunmuşdur.
2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin və müstəqilliyimizin 28 iliyinin qeyd olunması ilə əlamətdardır. Aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmiş, sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına investisiyaların qoyulması iqtisadi gücümüzü daha da artırmışdır.
Prezident cənab İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayonumuza dördüncü tarixi səfərindən sonra Lənkəran-Lerik, Lerik-Şinəband-Orand-Nuravud-Zrdəbərə avtomobil yollarının, Lerik şəhərində 48 mənzilli yaşayış binasının və Orand kəndində yeni məktəb binasının tikilərək əhalimizin istifadəsinə, Vizəzəmin, Peştətük və Cəngənəvud kəndlərinə mavi qazın verilməsi rayonumuzun inkişafından xəbər verir.
2020-ci ildə qarşıya mühüm vəzifələrin qoyulduğunu qeyd edən icra hakimiyyəti başçısı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun uğurla davam etdirildiyini və bunun nəticəsində qarşıdakı illərdə də nailiyyətlərimizin daha da çox olacağına, quruculuq işlərinin davam edəcəyinə əmin olduğunu bildirdi.
Tədbirdə rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin hazırladığı musiqi nömrələri nümayiş etdirildi və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik etdi, Şaxta Baba uşaqlara hədiyyələr payladı.