“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması” mövzusunda seminar-müşavirə keçirildi
19 dekabr 2019-cu il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin akt zalında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun və Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyevin, rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, məhsul istehsalçılarının iştirakı ilə seminar-müşavirə keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov seminar-müşavirə iştirakçıları adından qonağı salamladı və rayonda kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verdi. Bildirdi ki, rayon əhalisi əsasən heyvandarlıqla və əkinçiliklə məşğuldur. Cari ildə 3226,0 ha dənli və dənli paxlalı bitkilər sahəsindən 7079,0 ton, 1422,0 ha kartof sahəsindən 17583,0 ton, 314,0 ha tərəvəz bitkiləri sahəsindən 4032,0 ton məhsul istehsal olunmuşdur. 2019-cu ildə 4194,0 ton ət, 21415,0 ton süd, 7373,0 min ədəd yumurta, 185,3 ton yun, 150 tona yaxın bal istehsal olunmuşdur.
Sonra icra hakimiyyətinin başçısı rayon üçün ənənəvi sahələrdən biri olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən və bu sahədə mövcud olan problemlərdən danışdı.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı və Fərmanın icrası ilə bağlı istər respublikada, istərsə də rayonumuzda görülmüş işlər barədə ətraflı məlumat verdi.
Daha sonra natiq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması barədə məlumat verərək əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannamələrin təqdim olunma mexanizmi barədə geniş izahat verdi.
Tədbir iştirakçılarından Elxan Aslanov, Ələkbər Kərimov, Güləddin Şahverənov və başqaları müzakirə olunan məsələ və ümumilikdə aqrar sahədə mövcud olan problemlər barədə çıxış etdilər və bu sahə ilə bağlı suallar nazir müavini İlham Quliyev tərəfindən cavablandırıldı.