Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Yeni inşa edilmiş Orand kənd tam orta məktəb binasının açılış mərasimi keçirildi

19 dekabr 2019 | 16:00

2019-cu il dekabrın 19-da Lerik rayonu Orand kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayon təhsil şöbəsinin rəhbərliyi, təhsil işçiləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdə Orand kənd tam orta məktəbinin yeni binasının tikintisi haqqında məlumat verilərək bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 oktyabr tarixli 553 nömrəli Sərəncamı ilə Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün maliyyə vəsaiti ayrılmış, 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə də tikintinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaiti nəzərdə tutulmuşdur. Məktəb binasının tikintisi bu ayın əvvəllərində tam başa çatdırılmışdır.
Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva əlamətdar hadisə münasibətilə təhsil işçilərini, məktəbin şagirdlərini təbrik etdi, xoş arzularını çatdırdı. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə ölkəmizin bölgələrində də bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatla təchiz olunduğunu qeyd etdi.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına daim diqqət və qayğıya göstərilir. Dövlət proqramlarına müvafiq olaraq son 15 ildə Lerik rayonunda 70-dən çox məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir. Dövlətimizin başçısı ötən il oktyabrın 15-də rayonumuza səfəri zamanı bir sıra sosial obyektlərin, o cümlədən yeni tikilmiş körpələr evi–uşaq bağçasının açılışında iştirak etdi. Səfərdən sonra cənab Prezidentin imzaladığı Sərəncamla Orand kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün maliyyə vəsaiti ayrıldı və tikinti işlərinə başlanıldı. Bundan sonra da rayonda təhsil müəssisələrinin binalarının tikintisi və əsaslı təmiri işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Açılış mərasimində Orand kənd sakini, el ağsaqqalı Şahi Əzimov çıxış edərək dövlət başçısının bütün sahələrə olduğu kimi, təhsilin inkişafına da göstərdiyi diqqət və qayğıya, kənddə yeni məktəb binasının tikintisinə görə kənd sakinləri adından Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Orand kənd tam orta məktəbinin gənc müəllimi Günel Hümbətova, məktəbin 10-cu sinif şagirdi Şahanə Həmidova çıxış edərək yeni məktəb binasında lazımi şəraitin yaradıldığını qeyd edərək, təhsil işçilərinin və şagirdlərin bundan sonra daha həvəslə çalışacaqlarını bildirdilər, yaradılan şəraitə görə dövlət başçısına, həmçinin rayon rəhbərliyinə minnətdarlığını ifadə etdilər.
Mərasimində məktəb şagirdlərinin ifasında şeirlər səsləndirildi.
Sonra açılışı bildirən rəsmi lent kəsildi və qonaqlar yeni məktəb binasında  yaradılmış şəraitlə tanış oldular.

Keçidlər