Davradibi kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov rayonun Davradibi kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Görüşdə Rövşən Bağırov vətəndaşları salamlayaraq bildirdi ki, cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini yerində öyrənmək və onları həll etməkdir. Həmçinin rayon rəhbəri qeyd etdi ki, ölkəmizin digər regionları kimi, Lerik rayonu da ildən-ilə abadlaşdır və inkişaf edir.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Görüşdə sakinlər öz problemlərini dilə gətirib, təkliflərini səsləndirdilər. Müraciətlər arasında işlə təminat, elektrik xətlərinin təmiri, qaz xətlərinin çəkilişi, kəndara avtomobil yollarının təmiri kimi məsələlər üstünlük təşkil edirdi.
Vətəndaşların müraciətlərini tək-tək dinləyən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.