Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala istiqamətində tur-aksiyada iştirak etmiş məktəblilərlə görüş keçirildi

20 noyabr 2019 | 16:00

2019-cu il noyabrın 20-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala istiqamətində tur-aksiyada iştirak etmiş məktəblilərlə görüş keçirdi. Tədbirdə həmçinin rayon icra hakimiyyəti başçısı aparatının, rayon təhsil şöbəsinin, rayon gənclər və idman idarəsinin əməkdaşları, müəllimlər, tur-aksiyada iştirak etmiş şagirdləri müşayiət etmiş məsul şəxslər iştirak edirdilər.
Məktəbliləri salamlayan rayon icra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur.
Bu günlərdə start götürən tur-aksiyanın 12-ci mərhələsi çərçivəsində rayonumuzdan olan 40 nəfər şagird də noyabrın 13-dən 16-dək Qəbələ-Şəki-Zaqatala istiqamətində turda iştirak etmişdir. Tur-aksiya məktəbliləri rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin nümayəndələri, təhsil işçiləri, 1 həkim və digər məsul şəxslər müşayiət etmişdir. Turda iştirak etmiş məktəblilər həmin bölgədə bir sıra önəmli obyektlərlə daha yaxından tanış olmuşlar. Həmin rayonlar da, digər bölgələrimiz kimi, həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları ilə tanınır. Eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılıq da geniş inkişaf etmişdir. Qədim ipəkçilik sənəti ilə məşhur olan Şəkidə indi bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Şəki həm də öz mətbəxi, adət-ənənələri və tarixi məkanları ilə fərqlənir. Təsadüfi deyil ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Məktəblilər Şəkidə Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksi, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğu ilə tanış olmuş, udilərin yaşadığı Nic kəndinə baş çəkmişlər, onlara tikilməkdə olan Ləki-Qəbələ dəmir yolu barədə məlumat verilmişdir. Məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da getmiş, Heydər Əliyev Mərkəzini ziyarət etmiş, müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olmuş, Tarix-Mədəniyyət Qoruğuna baş çəkmiş, Dədə Qorqud Meydanını gəzmişlər. Qədim və müasir Zaqatala haqqında məlumatlar tur-aksiya iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Ölkəmiz son illər böyük nailiyyətlər əldə etmişdir. Respublikamızın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət edən bir sıra iri layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları rayonumuzda da uğurla icra edilmişdir. Tur-aksiyada iştirak etmiş məktəblilər bütün bunların da əyani şahidi olmuşdur.
Bundan əlavə, rayon məktəblilərindən ibarət komanda səfər çərçivəsində keçirilmiş “Nə? Harada? Nə vaxt?” intellektual oyunlarında birinci yeri tutmuşdur. Ötən il isə həmin yarışda rayon məktəblilərinin komandası üçüncü yeri tutmuşdu.
Ümumiyyətlə, “Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin respublikamızın şəhər və rayonlarını daha yaxından tanıması, tarixi abidələrlə tanış olması, habelə regionlarda gedən inkişaf prosesləri, aparılan quruculuq işləri haqqında məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiya zamanı gənclərin ölkəmizin müxtəlif bölgələrinin tarixini, mədəniyyətini özündə əks etdirən muzeylərdə, tarix və mədəniyyət abidələrində olması onların ölkəmiz haqqında daha ətraflı bilgi əldə etməsinə, eyni zamanda dünyagörüşünün artmasına səbəb olur.
Ənənəvi olaraq hər dəfə məktəblilər tur-aksiyaya yola salınarkən və  tur-aksiyadan qayıtdıqdan sonra onlarla görüşlər keçirilir, onların fikirləri öyrənilir. Bugünkü növbəti görüşdə də tur-aksiyada iştirak etmiş məktəblilərin bu layihə haqqında fikirləri dinləniləcəkdir.
Görüşdə valideynlər adından çıxış edən Oqtay Hüseynov, təhsil işçiləri adından çıxış edən Veri kənd tam orta məktəbinin direktoru Mahir Əliyev və Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin müəllimi, məktəbliləri müşayiət etmiş Mətanət Quliyeva, rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov bildirdilər ki, cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin ölkəmiz haqqında biliklərinin genişlənməsinə, dünyagörüşünün artmasına böyük təsir göstərir. Bu layihə gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla, eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir. Layihə çərçivəsində məktəblilər ölkəmizin müxtəlif bölgələrinə səfərdən çox zəngin təəssüratla qayıdırlar. Bu tədbirlər həm təhsil işçiləri, həm də valideynlər tərəfindən razılıqla qarşılanır.
Tur-aksiyanın iştirakçılarından Monidigah kənd tam orta məktəbinin şagirdi Məleykə Əlizadə, Qosmalıan kənd tam orta məktəbinin şagirdi İlqar Xanəhmədov, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin şagirdi Aysun Hüseynova çıxış edərək, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə keçirilmiş tur-aksiya zamanı proqrama uyğun olaraq bir sıra tarix və mədəniyyət abidələri, həmin rayonların sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olduqlarını bildirdilər, gəzib-gördükləri yerlər haqqında təəssüratlarını bölüşdülər. Yaradılmış yüksək şəraitdən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını ifadə etdilər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov “Nə? Harada? Nə vaxt?” intellektual oyunlarında qalib olmaları münasibətilə məktəblilərə təbriklərini çatdırdı, onlara sertifikatlar və hədiyyələr təqdim etdi, onların ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə layiqli töhfələr vermələrini arzuladı.

Keçidlər