Xocalı soyqırımının 21-ci il dönümü ilə əlaqədar YAP Lerik Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Xocalı soyqırımını dünyaya tanıdaq” adlı dəyirmi masa və e-mail aksiya keçirilmişdir.
25 fevral 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində YAP Lerik Rayon Təşkilatı Gənclər Birliyinin üzvləri, gənclərin iştirakı ilə “Xocalı soyqırımını dünyaya tanıdaq” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə YAP Lerik Rayon Təşkilatı Gənclər birliyinin sədri Zamiq Əhədov çıxış edərək bildirdi ki, 21 il öncə 1992-ci il fevralın 25- dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirilmişdir. Xocalıda erməni qəsbkarları dinc sakinlərə hücum edərək azyaşlı uşaqları, anaları, qocaları amansızlıqla qətlə yetirmişdir. Bu hadisə nəticəsində 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilmişdir. 8 ailə tamamilə məhv edilmişdir. Faciə zamanı 1275 nəfər girov götürülmüşdür. Bu faciə dünyada qəbul olunmuş beynəlxalq konvensiyalara, ümumbəşər qanunlara əsasən soyqırım aktı kimi tanınmalıdır. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Biz leriklilər də Xocalı soyqırımını unutmamalı, məktəblərdə şagirdlərə geniş öyrətməli, müasir texnologiyalardan istifadə etməklə Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırmalıyıq.
Çıxışlarda YAP Lerik rayon təşkilatı gənclər birliyinin üzvləri, Ramin Ağayev, Anar Rəhimov, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov və digər natiqlər ermənilərin törətdiyi bu qətliamı pislədiklərini bildirdilər. Xocalı soyqırımında həlak olanlara Allahdan rəhmət dilədilər.
Sonra Xocalı soyqırımını əks etdirən foto şəkillər və xüsusi hazırlanmış müraciət elektron formada Beynəlxalq təşkilatlara, konqresmenlərə, senatlara ünvanlandı.