2019-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “oktyabrın 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədən irəli gələn vəzifələr və 2019-cu ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Şura iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövləti başçısı cari ilin doqquz ayı ərzində əldə edilən sosial-iqtisadi göstəricilərə yönəldərək bildirib ki, hesabat dövründə iqtisadi artım təmin olunub. Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Qeyri-neft sənayesi 15 faiz, kənd təsərrüfatı 7 faizdən çox artıb. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. İnflyasiya isə çox aşağı səviyyədə - 2 faizdən bir qədər çox həddə qərarlaşıb. “Doing Business” hesabatına görə, Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 130 milyon manat güzəştli şərtlərlə kreditlər verilib. Minimum əmək pensiyası 200 manata çatdırılıb ki, bununla da ölkəmiz MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə qərarlaşıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycanın bu gün MDB məkanında birinci yerdə, eyni zamanda respublikamız orta aylıq pensiyanın həcminə görə üçüncü yerdədir. Ölkə rəhbərinin fikrincə, bu, qaneedici sayıla bilməz. Çünki minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün böyük potensial var. Bunun reallaşdırılması üçün isə, ilk növbədə, bütün maliyyə və iqtisadi sahədə şəffaflıq tam təmin edilməsi, büdcə gəlirlərinin artırılması, həm də büdcə xərclərinin məqsədyönlü xərclənməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizdə dinamik inkişaf davam etməkdədir. Ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları ölkənin hər yerində olduğu kimi rayonumuzda da uğurla icra edilmişdir. Rayonda yeni infrastruktur yaradılmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilmiş, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoymuş, yeni avtomobil yolları inşa edilmiş, qaz və su xətləri çəkilmiş, elektrik təsərrüfatı yenilənmişdir. 10 mindən yuxarı yeni iş yeri yaradılmışdır. Bütün sahələrdə inkişaf qeydə alınmışdır. Lerik şəhəri daxil olmaqla kəndlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır.
2019-cu ilin doqquz ayında rayon üzrə 1130, o cümlədən 262 daimi, 868 isə müvəqqəti iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2018-ci və 2019-cu ilin doqquz ayı ərzində 14580 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.
Dövlət vəsaiti hesabına, Təhsil Nazirliyinin sifarişi ilə rayonda 10 modul tipli məktəbin, 180 şagird yerlik Orand və Heydər Əliyev Fondunun vəsaiti hesabına Siyov kəndində 180 şagird yerlik məktəbin tikintisində son tamamlanma işləri aparılır, Zenoni kəndində 56, Haftoni kəndində 80 və Mistan kəndində isə 40 şagird yerlik məktəblərin tikintisi davam etdirilir. 180 şagird yerlik Əvilə kənd ümumi orta məktəbi yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
Hal-hazırda Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpusunun əsaslı təmirində tikinti işləri yekunlaşdırılır. Məktəb ərazisində yeni yataqxana korpusunun və idman zalının tikinti işlərinə başlanılmışdır.
Yaponiya dövlətinin maliyyə dəstəyi ilə 2019-cu ildə Conu və Pirasora kəndlərində, ölkəmizdə fəaliyyət göstərən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (Seda) təşkilatının maliyyə dəstəyi ilə isə Cəngəmiran kəndində tibb məntəqələri tikilib istifadəyə verilmişdir. Seda təşkilatının maliyyə dəstəyi ilə Murya kəndində məktəbə gedən avtomobil yoluna asfalt döşənmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Zövnə və Zəriküməco kəndlərində artezian quyuları qazılır. Yaponiya dövlətinin maliyyə dəstəyi ilə Soru kəndində tibb məntəqəsinin tikintisi nəzərdə tutulmuşdur.
Lerik şəhərinə alternativ su xəttinin və Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə yeni su xəttinin çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir. Artıq Mastail-Lerik alternativ su xəttinin çəkilişi başa çatdırılaraq xətt istifadəyə verilmişdir.
Lerik şəhərində 48 mənzilli, 4 mərtəbəli, 3 girişli yeni yaşayış binasının tikintisi başa çatdırılmışdır. Binada bəzək işləri həyata keçirilir. 56 km-lik Lənkəran-Lerik və 22 km-lik avtomobil yolunun tikintisində son tamamlanma işləri aparılır. Monidigah və Lüləkəran kənd sakinlərinin müraciətləri nəzərə alınaraq Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən 2,5 km-lik Blaband-Monidigah və Lüləkəran kəndinə gedən 1,5 km-lik yoluna asfalt döşənmişdir.
Azərbaycan Respublikası Prezidentinin rayonumuza ən böyük hədiyyələrindən biri də rayona mavi yanacağın verilməsidir. Ölkə başçısının qayğı və diqqəti ilə artıq rayonun 50 yaşayış məntəqəsi tam qazlaşdırılmış, 4506 əhali və 51 qeyri-əhali abonenti qazla təmin olunmuşdur. Peştətük, Vizəzəmin və Cənginəvud kəndlərinin qazlaşdırılmasın da son tamamlanma işləri həyata keçirilir.
Hesabat ilində şəhərin Arzuman Əsədullayev, Həzi Aslanov, Cəfər Cabbarlı, Şıxəli Qurbanov, Nəsimi, Elşən Qasımov və digər küçələrində asfaltlaşdırma işləri həyata keçirilmişdir. Lerik şəhər mərkəzi parkında təmir-bərpa işləri aparılmış, Həzi Aslanov, Elmar Qarayev küçələrində 200 metrdən yuxarı istinad divarı inşa edilmişdir. Digər küçələrdə də istinad divarlarının tikintisi və bərpası nəzərdə tutulmuşdur. Şəhərin işıqlandırılmayan küçə və dalanlarında işıqlandırma işləri həyata keçirilmişdir. Rayon sakinlərinin ən çox istirahət etdiyi Nizami küçəsindəki Mərkəzi park yenidən qurulmuş, parkda müasir oturacaqlar, işıqlandırma sistemi quraşdırılmışdır.
Lerik şəhərində 3 mərtəbəli, 950 yerlik şadlıq sarayının tikintisində işlər davam etdirilmişdir. “Relax” turizm istirahət mərkəzində dəyəri 1 milyon 280 min manat olan yeni otellər, Piran kəndində yanacaqdoldurma məntəqəsi inşa edilir.
“Azərişıq” ASC tərəfindən Çayrud kəndinin elektrik təsərrüfatı yenidən qurulur, 10/04 kv-luq elektrik dirəkləri yeniləri ilə əvəzlənir, xətlər sipp kabelləşdirilir. Kənddə müasir transformatorların quraşdırılması nəzərdə tutulmuşdur.
2020-ci il məhsulu üçün 1883 hektar sahədə herik şumu aparılmış, 265 hektar sahədə əkin işləri həyata keçirilmişdir. Hesabat ilində sahələrdə 1422 hektar kartof, 313,6 hektar tərəvəz, 44 hektar çoxillik əkmə, 37 hektar qarğıdalı, 30 hektar tütün, 212,5 hektar paxlalı əkin işləri həyata keçirilmişdir. Sahələrdən keçən illə müqayisədə daha çox məhsul əldə edilmişdir.
2019-cu təsərrüfat ili üçün rayon ərazisində 28 hektar sahədə Virciniya” və “İmmuna” tütün sortları əkilmişdir. Hal-hazırda tütünün yığım kompaniyası davam etdirilir.
İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2002-2018-ci il və 2019-cu ilin altı ayı ərzində Lerik rayonu üzrə 337 sahibkara 15,85 milyon manat, o cümlədən 2019-cu ilin altı ayında 22 sahibkara 177 min manat güzəştli kredit ödənilmişdir. Bu kreditlər hesabına 1632 yeni iş yerinin açılması mümkün olmuşdur.
2019-cu ilin III rübü üzrə rayonumuzun yerli gəlir və xərcləri proqnoza uyğun, limit daxilində xərclənmiş, büdcə təşkilatları tərəfindən maliyyə intizamsızlığına yol verilmədiyini qeyd etdi.
Şura iclasında rayon Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayılov, Lerik Rayon Maliyyə İdarəsinin müdiri Elman Abbasov və rayon Statistika İdarəsinin müdiri Nizaməddin Muradov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Sonda Şura iclasında müvafiq qərar qəbul edildi.