Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva vətəndaşları qəbul etmişdir
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 22-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Lerik Rayon Mədəniyyət Mərkəzində Lerik və Yardımlı rayonundan olan vətəndaşları qəbul etmişdir. Qəbulda vətəndaşların ailə, qadın və uşaq problemlərinə dair, o cümlədən işlə təminat, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruzqalma və digər məsələlərlə bağlı müraciətlərinə baxılmışdır.
Həmin gün Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, rayon icra hakimiyyətinin, digər dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və ümumtəhsil məktəblərinin müəllimlərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Uşaq hüquqlarını bilək və paylaşaq” adlı maarifləndirmə xarakterli tədbir keçirilmişdir. Uşaqlarda müstəqil özünüifadəetmə bacarıqlarının formalaşdırılması, ictimai fəallığın artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi, eləcə də iştirak hüququnun təmin edilməsi məqsədilə keçirilmiş tədbirdə həmçinin uşaq hüquqlarının həyata keçirilməsində mühüm məsələlərdən olan sağlam həyat tərzinin təbliği, internet təhlükəsizliyi, erkən nikahların qarşısının alınması, asudə vaxtın səmərəli təşkili və digər mövzularda müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.