Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar YAP Lerik rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Vizəzəmin, Əliabad, Şingədulan, Noda və Nüvədi kənd inzibati ərazi dairələrində tədbirlər keçirilmişdir.

22 fevral 2013 | 16:00

Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar  fevralın 20 və 21-də rayonun Vizəzəmin, Əliabad, Şingədulan, Noda və Nüvədi kənd inzibati ərazi dairələrində əhalinin iştirakı ilə anım tədbirləri keçirilmişdir. Tədbirlərdə YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərovun, rayon icra hakimiyyəti başçısı aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Əlipənah Bayramovun  geniş məruzələri dinlənilmişdir. Vurğulanmışdır ki, zaman-zaman Azərbaycan torpaqlarında məskunlaşaraq  bizim tarixi torpaqlarımızda dövlət quran ermənilər sonradan xalqımızın nümayəndələrini öz dədə-baba yurdlarından didərgin salmaq istiqamətində gizli iş aparmış və buna öz havadarlarının səyi ilə nail olmuşlar. Nəticədə ötən əsrdə iki dəfə yurdaşlarımız Qərbi Azərbaycan vilayətindəki tarixi torpaqlarından sürgün edilmiş, deportasiyaya məruz qalmışdır. Sovet hakimiyyətinin dağılması ərəfəsində, xüsusilə Ulu Öndər Heydər Əliyev ermənilərin fitfası ilə SSRİ rəhbərliyindən kənarlaşdırıldıqdan sonra 150 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan zorla qovulmuş, mənfur düşmənlərimiz yenidən xalqımıza qarşı ərazi iddiaları irəli sürmüş, Azərbaycanın qədim torpaqları olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb etmişdir.
Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ilk illərdə yaranmış özbaşınalıq, anarxiya və hakimiyyətsizlik onsuz da ağır olan vəziyyəti daha da dərinləşdirirdi. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri torpaqlarımızı ələ keçirir, soydaşlarımızı vəhşicəsinə qətlə yetirirdilər. Hakimiyyəti əlində saxlamaq istəyən o vaxtkı iqtidar bütün bunları ört-basdır edir, əsl həqiqəti xalqdan gizlədirdi. Quşçular, Malıbəyli, Qaradağlı və digər kəndlərimiz işğal edilsə də, mühüm strateji mövqedə yerləşən Xocalı şəhəri 4 aydan çox blokada da saxlansa da, o vaxtkı rəhbərlik Xocalının müdafiəsi üçün lazımi tədbirlər görmədi və nəticədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etdilər. Bir günün içərisində şəhər yerlə yeksan edildi, dinc əhali amansızcasına qətlə yetirildi. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdir.
Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir.
Qeyd olundu ki, hər il fevral ayında Azərbaycan hökuməti və  Heydər Əliyev Fondu Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və soyqırımı kimi tanınması üçün erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsi məqsədi ilə xarici ölkələrdə bir sıra tədbirlər həyata keçirir. Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Bu, Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
Aparılmış bu məqsədyönlü siyasətin nəticəsidir ki, artıq Meksika Birləşmiş Ştatlarının Senatı və Deputatlar Palatası, Pakistan İslam Respublikası Senatının Xarici əlaqələr komitəsi, ABŞ 6 ştatının parlamenti, bu günlərdə Çexiya Respublikasının Parlamentinin Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi Erməni hərbi bölmələri tərəfindən Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin fəşhicəsinə qətlə yetirməsi ilə törədilmiş qırğını pisləyən qətnaməni yetkinliklə qəbul etmiş, Xalqımızın haqq səsi müdafiə olunmuşdur.
Daha sonra çıxış edən Vizəzəmin kənd sakini Qələmirzə Əliyev, Əliabad kənd sakini Nəsibəli Məmmədov, Əkrəm Abdullayev, Şingədulan kənd sakinləri İsa İsmayılov, Gülağa Əbdülov və başqaları bildirdilər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırlar. Bu istiqamətdə cənab İlham Əliyevin əzmkarlıqla  həyata keçirdiyi  siyasəti bəyəndiklərini ifadə edən natiqlər qeyd etdilər ki, faciənin  günahkarları tarix və qanun qarşısında cavab verəcəklər. Xocalıda şəhid olan günahsız insanların qanı yerdə qalmayacaq.

Keçidlər