Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Cəngəmiran kəndində tibb məntəqəsi istifadəyə verildi

03 oktyabr 2019 | 16:00

02 oktyabr 2019-cu il tarixdə Lerik rayonunun Cəngəmiran kəndində USAID-in maliyyə vəsaiti, Azərbaycan hökumətinin dəstəyi, yerli bələdiyyə və icma üzvlərinin töhfəsi ilə tikilən yeni tibb məntəqəsinin açılışı oldu.
Tədbirdə ABŞ-ın Azərbaycandakı Səfirinin müavini Maykl Dikerson,  USAİD-in ofis direktoru Aylin Loules, SEDA-nın rəhbəri Əhməd Şirinov, texniki ofisin müdiri Vüqar Nagıyev, ictimaiyyətlə əlaqələr şöbəsinin  mütəxəssisi və tərcüməçi Javid Alisgəndərli, SEDA-nın əməliyyatlar meneceri Əhməd Məmmədzadə, SEDA-nın maliyyə meneceri Aleksandra Zenof  iştirak edirdi.
Açılış mərasimindən öncə Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikersonla görüşmüşdür. Görüşdə rayon icra hakimiyyətinin başçısı Azərbaycan Amerika hökumətlərinin birgə əməkdaşlığı nəticəsində regionlarda, o cümlədən 2018-ci ildən başlayaraq rayonumuzda həyata keçirilmiş layihələrlə bağlı səfir müavininə minnətdarlığını bildirdi, qarşıdakı illər ərzində də rayonumuzda digər layihələrin də həyata keçiriləcəyinə əmin olduğunu vurğuladı.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab Maykl Dikerson Amerika-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı regionlarda da inkişafın getdiyini, Lerikin füsunkar təbiətinin insanda xoş əhval-ruhiyyə yaratdığını və burada olmasından məmnun qaldığını bildirdi.
Görüşün sonunda qonağa rayonun sənətkarları tərəfindən hazırlanmış hədiyyələr təqdim edildi və xatirə şəkli çəkdirildi.
Sonra rayon icra hakimiyyətinin başçısı R.Bağırovla ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson Cəngəmiran kəndində inşa edilmiş Tibb məntəqəsinin açılış mərasimində iştirak etdilər.
Tədbiri SEDA-nın əməliyyatlar meneceri Əhməd Məmmədzadə açaraq respublikamızda, o cümlədən rayonumuzda həyata keçirilən layihələr və qarşıdakı illərdə görüləcək işlər barədə məlumat verdi.
Mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov kənd camaatını yeni tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə təbrik edərək bildirdi ki, bu tibb ocağı Cəngəmiran kəndi ilə yanaşı ətraf kəndlərdə yaşayan sakinlərin də səhiyyə ehtiyaclarını ödəmək qabiliyyətinə malikdir və məntəqədən 4000 nəfərə yaxın insanın yararlanacaqdır. Çıxışında R.Bağırov görülmüş işlərə görə Amerika dövlətinə və səfirliyin əməkdaşlarına, SEDA təşkilatına, Cəngəmiran icmasına minnətdarlığını bildirdi və görüləcək işlərin davamlı olacağına əminliyini qeyd etdi.
Sonra tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı Səfirinin müavini Maykl Dikerson rayona gəlişinin onun üçün əlamətdar olduğunu, ilk dəfə paytaxtdan kənara məhz Lerikə səfər etdiyini bildirdi. Cəngəmiran kəndində bu layihənin ərsəyə gəlməsi üçün USAID və Azərbaycan hökuməti tərəfindən dəstəklənən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi öz güclərini birləşdirərək yerli və regional hökumət qurumları ilə çalışdıqlarını qeyd etdi.  Nəticədə ümumi dəyəri 47088 manat olan yeni tibb məntəqəsi inşa edildi və kənd sakinlərinin istifadəsinə verildi.
Açılış mərasimində rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev, kənd icmasının üzvü, ağsaqqal Etibar Şahmarov çıxış edərək bildirilər ki, Cəngəmiran kənd tibb məntəqəsi üçün yeni binanın istifadəyə verilməsi rayon səhiyyəsinin inkişafına çox böyük bir töhfədir. Bu cür layihələr mütəmadi olaraq həyata keçirilir və sosial xarakter daşıyır. Yeni binada tibbi xidmət üçün hər cür şərait yaradılmış və tibb müəssisəsinin işçiləri də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərəcəklər. 
Sonra rayon icra hakimiyyəti başçısına və tədbirdə iştirak edən qonaqlara tibb məntəqəsinin tikintisi ilə bağlı həyata keçirilən prosesləri əks etdirən stend təqdim edildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikersonun iştirakı ilə açılışı bildirən rəsmi lent kəsildi və qonaqlar tibb məntəqəsində yaradılmış şəraitlə tanış oldular.
Daha sonra ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson Piran kəndinə gələrək burada  “bal emalı üçün avadanlığ layihəsi”nin icrası ilə əlaqədar Piran kəndində təməlqoyma mərasimində iştirak etdi.
Sonda səfir müavini Piran kəndində arıçılıq təsərrüfatları ilə tanış oldu, Piran icmasının nümayəndələri ilə görüş keçirdi.

Keçidlər