Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov səyyar görüş-qəbulda iştirak edən vətəndaşları salamladı və bildirdi ki, qrafikə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük. Görüşdə əsas məqsəd vətəndaşlarımızın problemlərini yerində öyrənmək, həll edə biləcəyimiz problemlərinizi həll etmək və bizim səlahiyyətlərimiz xaricində olan problemlərinizi isə mərkəzi orqanlara çatdırmaqdır.
Rayon icra hakimiyyətinin başçısı çıxışında cənab Prezidentin bu il əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində verdiyi sərəncamlar barədə geniş məlumat verərək, bu sərəncamların hər bir vətəndaşımız tərəfindən böyük razılıqla qarşılandığını qeyd etdi.
Sonra cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən söhbət açdı. Bildirdi ki, Cənab Prezident rayonumuza səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması, Lerik şəhərində 48 mənzilli binanın və Orand kəndində yeni məktəb tikintisinə vəsaitin ayrılması barədə Sərəncam imzalaması rayonumuzun gələcək inkişafından xəbər verir.
Sonda rayon icra hakimiyyəti başçısı bildirdi ki, bugünkü sizlərlə görüşümüzün əsas məqsədi həm görülən işlər barədə sizi məlumatlandırmaq, həm də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə sizin də fikir və təkliflərinizi öyrənməkdir. Aidiyyəti idarə, hüquq mühafizə orqanlarının rəhbərləri də burada iştirak edir. Ona görə də sizi narahat edən problemləri səsləndirin, rəy və təkliflərinizi bildirin.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Faiq Şıxəliyev, Kamil Mövlanov, Əvəz İsmayılov, Sərfinaz Abbasov, Hüsaməddin Abbasov və digərləri çıxış edərək şəhərin məhəllədaxili küçələrinin asfaltlaşdırılmasına, şəhər 3 saylı tam orta məktəbin idman zalının təmir olunmasına, rayonda Gənclər Mərkəzinin yaradılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərdən əksəriyyəti yerində həll edildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.