Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir

08 fevral 2013 | 16:00

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, rayon mədəniyyət evinin foyesində rayonda aparılan tikinti-quruculuq işlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış oldular.
Rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş “2012: Lerikin tarixə qovuşan uğurlar ili” adlı film nümayiş etdirildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 2012-ci ildə Lerik rayonunda görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələrə dair məruzə etdi. Bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində yola saldığımız 2012-ci ildə də mühüm nailiyyətlər əldə edilmişdir. Sürətlə inkişaf edərək günü-gündən dəyişən şəhərlərimiz, kəndlərimiz bu ildə də inkişaf mərhələsində olmuşdur. 2012-ci ildə iqtisadi və siyasi uğurlarımızla yanaşı, idman, təhsil, səhiyyə, sosial və mədəni sahələrdə də nailiyyətlər əldə edilmiş, Azərbaycan Beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə nail olmuşdur. Ölkəmiz bir sıra Beynəlxalq Forumlara, dünya çempionatlarına və ayrı-ayrı dövlətlərin tanınmış siyasi xadimlərinin, elm adamlarının iştirakı ilə keçirilən bir çox mühüm əhəmiyyət daşıyan beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etmiş, gənc dövlətimizin dünyanın ən ucqar nöqtələrində belə tanınması üçün Cənab Prezidentimiz nüfuzlu Beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir.
Bütün bunlar isə əldə olunan iqtisadi uğurlarla yanaşı, müstəqil Azərbaycanın və onun gənc liderinin dünyada artan nüfuzu, dünya dövlətlərinin ölkəmizə olan etimadının nəticəsidir.
Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş yanvarın 15-də keçirilən iclasında bütün bunlar və ölkəmizin digər sahələrdə əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılmış, ölkə başçısı tərəfindən bütün sahələr ətraflı təhlil edilərək tapşırıqlar verilmişdir.
İnfrastruktur layihələri arasında qazlaşdırma, magistral və yeni yolların çəkilişi, içməli su və kanalizasiya layihələrinin icrası çox mühüm əhəmiyyət daşıyır. Bu il ölkədə ümumi qazlaşdırma səviyyəsinin 90 faizə çatdırılması, Bakıda və bütün bölgələrdə içməli su və kanalizasiya layihələrinin başa çatdırılması nəzərdə tutulmuşdur. Yol tikintisi ilə bağlı həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan yüz milyon manatdan artıq vəsait ayrılmış, yol infrastrukturunun yenilənməsi ilə bağlı işlər uğurla həyata keçirilir.
Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu Azərbaycanda son illərdə görülən işlərin təzahürü, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının, Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının əyani nəticəsidir.
Respublikamızda reallaşdırılan uğurlu iqtisadi reformalar rayonumuzun da sosial–iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlar əldə edilmişdir.
2012-ci ildə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı artmışdır. Ümumi məhsul buraxılışının həcmi 2011-ci ilə nisbətən 12,2 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,2 faiz, pullu xidmət 2,2 faiz və təmir-tikinti işləri 74,1 faiz, sənaye məhsulunun ümumi həcmi 56 faiz artmışdır. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 274,6 manata, əhalinin gəlirləri 0,4 faiz artaraq 64 milyon 896 min manata çatmışdır. Gəlirlərin artması ilə yanaşı əhalinin xərcləri də 1 milyon 405 min manat artaraq 65 milyon 813 min manata çatmışdır.
II Dövlət Proqramının icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 3181, o cümlədən cari ildə 1226 yeni iş yeri, ümumilikdə isə 2004-2012-ci illər ərzində 7927 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.
Lerik şəhəri və digər 12 yaşayış məntəqəmiz mavi yanacaqla təmin edilmişdir. Hal-hazırda rayonun 20-dən yuxarı kəndinə qaz xətləri çəkilir. İlin axırınadək ümumilikdə 40-dan yuxarı kəndin qazlaşdırılması üçün əlaqədar qurumlarla iş aparılır.
Şəhərin yenidən qurulması və abadlaşdırılması ilə bağlı 2012-ci ildə də işlər davam etdirilmişdir. C.Cabbarlı, A.Əsədullayev, Nizami, İ.Yaqubov, E.Qarayev, şəhərin giriş və çıxış hissələrində istinad divarları bərpa olunmuş, divarlar çay daşı, ağlay üzlük daşları və mərmərlə üzlənmiş, səkilərə ağlay və tamet plitəsi döşənmişdir. Şəhərin küçə və yollarına asfalt örtüyü salınmış, yeni müasir işıqlanma sistemləri qurulmuşdur.
Şəhərdə eyni vaxtda 300 nəfər qonağı qəbul edə biləcək xeyir-şər evinin inşasında son tamamlanma işləri aparılır. Hər cür avadanlıqlarla təchiz edilmiş, 150 nəfər qonaq üçün nəzərdə tutulmuş çadır daxili imkanlar hesabına alınaraq rayon sakinlərinin istifadəsinə verilmişdir.
Hesabat ilində Milli Məclisin deputatı İqbal Məmmədovun iştirakı ilə Züvüç, Davradibi, Daster və Aran kəndlərində, rayon ziyalılarının iştirakı ilə Ləkər, Barzavu və Veri kəndlərində yeni inşa edilmiş məktəb binalarının açılış mərasimləri keçirilmişdir. Hazırda Nücü, Molalan, Livədirqə, Bibiyani, Durğan, Nüvədi, Zəriküməco, Kələxan kəndlərində məktəb binalarının tikintisində işlər davam etdirilir. 2013-cü il üçün Boykəndil, Əvilə, Mistan, Pirasora, Anbu və Vizəzəmin məktəblərinin tikintisi, Nuravud və Mastayıl məktəblərinin əsaslı təmiri üçün texniki işlər həyata keçirilir.
Ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmış, yolun 8,6 km-i asfaltlaşdırılmışdır. Bu dövlət rəhbərinin rayonumuza göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Əhalinin daha çox istifadə etdiyi və sıx yaşadığı 36 km-lik 50-ci km-Xanagah yolu barədə də ilkin məlumatlar toplanmış, qüsur aktı, smeta sənədləri hazırlanaraq müvafiq qərar qəbul edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə təqdim edilmişdir. Bundan başqa digər əsas kəndara yollarının yenidən tikintisi və bərpası ilə bağlı da texniki işlər davam etdirilir.
Daha sonra natiq rayonun ictimai-siyasi, sosial-mədəni sahədə keçirilən tədbirləri diqqətə çatdırdı. İşdə nöqsana yol vermiş idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.
Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Çayrud bələdiyyəsinin sədri Dadaş Əlirzayev və mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev çıxış edərək, 2012-ci ildə rayonda ayrı-ayrı sahələrdə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov 2011-2012-ci tədris ilində 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunmuş tələbələrə hədiyyələr verdi, əla qiymətlərlə oxuyan tələbələr üçün 1-ci kursun sonunadək təqaüd verəcəyini bildirdi. Rayon icra hakimiyyəti başçısı 2012-ci il “İdman ili”ndə fərqlənən idmançılara fəxri fərman və hədiyyələr təqdim etdi. Ötən il 500-dən çox bal topalayaraq ali məktəblərə qəbul olunmuş tələbələrə yanvar ayının 1-dən dərs ilinin sonunadək təqaüd verilməsi haqqında qərar qəbul edildiyini diqqətə çatdırdı.
Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər. Rayonda görülən işlər qeyd edildi, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verdilər.
Sonda hesabat yığıncağının iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
 

Keçidlər