Respublikanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş gənclərlə görüş keçirildi
Avqustun 28-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş Lerik rayonundan olan gənclərlə görüşü keçirildi.
Rayon icra hakimiyyətinin başçısı tələbə adını qazanmış gəncləri və onların müəllimlərini yüksək nəticəyə görə təbrik edərək bildirdi ki, rayon üzrə ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artır. 2016-cı ildə 118 nəfər, 2017-ci ildə 135 nəfər, 2018-ci ildə 157 nəfər məzun ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Bu il isə qəbul olanların sayı 170 nəfərdir. Xüsusilə də 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin, o cümlədən qızların sayının ildən-ilə artması çox sevindirici haldır. Bu il qəbul olanların 43-nü qızlar təşkil edir.
Qəbul olunan məzunlardan 5 nəfəri 600 və 600-dən yuxarı bal toplamışdır. 20 nəfər 500-600 bal arası, 50 nəfər 400-500 bal arası, 32 nəfər 300-400 bal arası, 37 nəfər 200-300 bal arası, qalanları isə 150-200 bal arası nəticə göstərmişdir.
Yüksək bal toplayanların sayı ildən-ilə artır və onlar respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar. Züvüc kənd tam orta məktəbinin məzunu Zaur Abbasqulu oğlu Səmədli həm də yüksək təhsil göstəricilərinə görə Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinə əsasən qızıl medalla təltif olunmuşdur. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmuşdur.
Daha bir sevindirici hal ondan ibarətdir ki, bu il Azərbaycan Tibb Universitetinə də rayondan bir sıra məzunlar qəbul olunmuşlar. Həmin ali təhsil müəssisəsinə qəbul olunanlardan biri də öz təhsilində, eləcə də ictimai tədbirlərdə fərqlənən Nərmin Həşimbəylidir. O, dövlət başçısının təşəbbüsü ilə yuxarı sinif şagirdləri üçün Azərbaycanın müxtəlif bölgələrinə təşkil olunan “Ölkəmizi tanıyaq” aksiyasında, eləcə də fənn olimpiadalarında fəal iştirak etmişdir.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmişdir. Prezident cənab İlham Əliyev də ulu öndərin ənənələrinə sadiq qalaraq təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirir, onun rəhbərliyi altında ölkəmizdə təhsil islahatları uğurla davam etdirilir. Bu il ali təhsil müəssisələrinə qəbul planının, xüsusilə də dövlət sifarişli yerlərin nisbətən artırılması gənclərin ali təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitin bariz nümunəsidir.
Dövlətin xüsusi diqqət və qayğısı nəticəsində son illər rayonumuzda 50-dən çox yeni məktəb binası tikilmiş, bir çox məktəb binaları əsaslı təmir olunmuşdur. Hazırda bir sıra məktəblər üçün yeni binaların tikintisi, habelə bir çoxunda təmir-bərpa işləri davam etdirilir.
Görüşdə Lerik şəhər 3 saylı tam orta məktəbinin məzunu, 612 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Nərmin Həşimbəyli, Lərmərud kənd tam orta məktəbinin məzunu, 653 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuş Rəvan Məmmədov, Lüləkəran kənd tam orta məktəbinin məzunu, 521 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuş Əli Əlizadə, valideynlər adından Abbasqulu Səmədov, Abdul Abdullayev və digərləri çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirdilər, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşün keçirilməsinə görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını ifadə etdilər.
Rayon icra hakimiyyətinin başçısı respublikanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş gənclərə qiymətli hədiyyələr təqdim etdi.
Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bir daha təbriklərini çatdırdı, təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzuladı, ümidvar olduğunu bildirdi ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.