2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilmişdir
2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Rövşən Rüstəmov açaraq qeyd etdi ki, müstəqil Azərbaycan gənclərinin 1996-cı il fevralın 2-də keçirilmiş I Forumu gənclərin həyatında əlamətdar hadisə olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Forumdakı dərin məzmunlu nitqi gənclərin fəaliyyət proqramına çevrilmişdir. Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncamla Gənclərin I Forumunun keçirildiyi tarix – 2 fevral Azərbaycan Gəncləri Günü elan olundu. Dövlət gənclər siyasəti cənab ilham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirilir. Respublika Prezidentinin gənclərlə bağlı verdiyi tövsiyələr, imzaladığı fərman və sərəncamlar Azərbaycan gəncliyinə ölkə rəhbərliyinin yüksək dəyər verdiyinin təzahürüdür.
Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin müəllimi Elnurə Hadıyeva, Lerik Rayon Mərkəzi Xəstəxanasının həkimi Aqşin Hüseynov, Bakı Dövlət Universitetinin tələbəsi Sədrəddin Ağaxanlı, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov çıxış edərək bildirdilər ki, bu gün respublikamızda gəncliyimizə göstərilən diqqət və qayğı aparılan məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan gəncliyi dövlətin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində xoşbəxt və işıqlı gələcəyə doğru addımlamaqdadır.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, gənclərə xoş arzularını çatdırdı. Bildirdi ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, dövlətçilik məfkurəsinə yüksək ideyalara malik gənclər formalaşır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” da gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiq edir. Gəncliyin inkişafı cəmiyyətin, xalqın, millətin ümumilikdə Azərbaycanın tərəqqisi yüksəlişi deməkdir.
Tədbirdə bir qrup fəal gəncə hədiyyələr və fəxri fərmanlar təqdim edildi.
Daha sonra tədbir “Nur” şadlıq sarayında konsert proqramı ilə davam etdirildi.