2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrin icrası və 2019-cu ilin birinci rübündə Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev iştirak edirdi.
Şura iclasında geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov bildirdi ki, Azərbaycan Respublikası son 15 ildən artıq müddət ərzində dinamik inkişaf edir. 2018-ci ili də ölkəmizdə sosial-iqtisadi inkişaf baxımından uğurlu dövr hesab etmək lazımdır. Elə 2019-cu ilin birinci rübü də kifayət qədər ciddi sosial-iqtisadi nailiyyətlərlə yadda qaldı, genişmiqyaslı islahatlar aparıldı, geniş əhali kütlələrinin əmək haqları, pensiya və müavinətləri əhəmiyyətli dərəcədə artırıldı. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan etdi.
Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev 2019-cu ilin ölkəmiz üçün uğurlu il olacağına əminliyini ifadə edərkən, diqqəti ötən il keçirilən Prezident seçkilərindən sonra başlanan islahatlara yönəldib: “Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edilir, insanların rifah halı yaxşılaşır və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılır”.
Xatırladaq ki, Azərbaycan Prezidentinin seçkilərindən sonra imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Bu mühüm sənədin icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsait ayrıldı. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, bunlarla bərabər tələbələrin təqaüdü, şəhid ailələrinə, məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər də ¬artırıldı.
Əlbəttə, əhalinin sosial cəhətdən həssas təbəqəsinə belə qayğı və diqqətin əsasında qeyd etdiyimiz kimi, islahatlar dayanırdı. Başqa sözlə, idarəetmənin yenilənməsi, dövlət strukturlarında səmərəli fəaliyyətin, şəffaflığın təmin olunması, özəl bölmədə inkişafın sürətləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsini şərtləndirdi.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ının icrasının təmin edilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısının 97 nömrəli, 19 mart 2019-cu il tarixli sərəncamı imzalanmış, Tədbirlər Planı təsdiq edilmişdir. Qarşıdakı 5 il ərzində əhalini narahat edən və rayon ərazisində həyata keçirilməsi nəzərdə tutulmuş bütün məsələlər Tədbirlər Planında öz əksini tapmışdır. Dövlət Proqramında rayonumuzda icrası nəzərdə tutulmuş məsələlərin vaxtında icrasının təmin edilməsindən ötrü rayon icra hakimiyyəti tərəfindən ayrı-ayrı yuxarı dövlət orqanlarına müraciət məktubları hazırlanmışdır.
01 yanvar 2019-cu il tarixə Lerik rayonunda işləyən və işləməyən əhalini əhatə edən iqtisadi fəal əhali 42410 nəfər olmuş, məşğul əhalinin sayı isə 40296 nəfərə çatmışdır. Rayon məşğulluq mərkəzində 32 nəfər işsiz statusuna malik şəxs qeydiyyata alınmışdır. Ötən il 52 nəfər qeyri-məşğul əhali özünüməşğulluq layihəsinə cəlb edilmişdir. Bu il 15 nəfərin bu layihəyə cəlb edilməsi gözlənilir. Cari ilin 3 ayında Lerik rayonunda işləyənlərin orta aylıq nominal əmək haqqı 324,7 manat təşkil etmişdir. Ən yüksək orta aylıq nominal əmək haqqı bank, qaz, təhsil, elektrik şəbəkəsi və yol tikinti idarələrində olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına, xüsusi tapşırıqlarına uyğun olaraq ölkənin bütün regionlarında hər il minlərlə iş yerləri açılır ki, bunun da əksəriyyəti daimi iş yerləridir.
2019-cu ilin birinci rübündə rayon üzrə 476, o cümlədən 105 daimi, 371 isə müvəqqəti iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2018-ci və 2019-cu ilin birinci rübü ərzində 13926 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.
Şura iclasında rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidov və rayon Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayılov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
İclasda iştirak edən ictimaiyyət nümayəndələrindən Hüsaməddin Abbasov, Teymur Hacıyev və Dilarə Fətullayeva çıxış edərək görülmüş işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Rayon üçün ənənəvi sahə olan xalçaçılığın bərpasına, rayonun yaranmasının 90 illiyinin keçirilməsinə, Siyov kənd tam orta məktəbi üçün yeni binanın tikilməsinə, şəhərin Arzuman Əsədullayev küçəsinin asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş etdilər.
Sonra Şura iclasında Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev çıxış edərək 2019-cu ilin birinci rübünün ölkəmiz üçün uğurlu olduğunu vurğuladı, aparılan tikinti-quruculuq işlərini qeyd etdi, cənab Prezident tərəfindən reallaşdırılan islahatların müsbət nəticələr verdiyini, Nazirlər Kabinetinin iclasında cənab Prezident tərəfindən ölkə iqtisadiyyatının əsas sahələrinin inkişafı ilə bağlı verilmiş tapşırıq və tövsiyələrin həyata keçirilməsində uğurlar arzuladı.
Sonda Şura iclasında müvafiq qərar qəbul edildi, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.