Vizəzəmin kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 15 may 2019-cu il tarixdə rayonun Vizəzəmin kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Səyyar görüş qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edərək, vətəndaşları dinlədi.
Görüş-qəbulda 15 vətəndaş dinlənildi. Vətəndaşlar ərazinin kəndlərinin qazlaşdırılmasına, “İmamzadə” türbəsinin yenidən tikintisinə, Hamarmeşə kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, Sivəkəran kəndinin internet şəbəkəsinə qoşulmasına və ərazinin avtomobil yollarının əsaslı təmirinə, ərazidə mədəniyyət evinin tikintisinə, ərazidə elektrik xətlərinin təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərdən 4-ü yerində həll edildi, 4-nün Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.