Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi

10 may 2019 | 16:00

Azərbaycan Xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirildi.
Öncə konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular və ümummilli liderin həyatını əks etdirən “Əbədi lider” adlı qısametrajlı sənədli filmə baxdılar.
Konfransı giriş nitqi ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikanın hər yerində olduğu kimi rayonumuzda da böyük təntənə ilə, bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Milli mənəvi dəyərlər dirçəlib, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar olub. Ümummilli liderimizin siyasi müdrikliyi və böyük təşkilatçılıq qabiliyyəti ona ölkədə və onun sərhədləri xaricində böyük nüfuz  qazandırmışdı.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin ən böyük tarixi əhəmiyyəti ondan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı.
Bildiyimiz kimi ötən əsrin 90-cı illərində yenidən müstəqilliyini qazanmış Azərbaycanda o vaxtkı iqtidar nümayəndələrinin səriştəsizliyi ucbatından iqtisadi, ictimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatdı. Azərbaycanın taleyini, müstəqilliyimizin itirilmək təhlükəsini düşünən bir qrup ziyalı 1991-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasını yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət  etdilər. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd, əslində bütün xalqın arzu və istəyini ifadə edirdi. Heydər Əliyev oktyabrın 24-də ziyalılara göndərdiyi cavabında yeni yaradılacaq  partiyaya rəhbərlik etməsi barədə  müraciəti qəbul etdiyini bildirdi. Dahi şəxsiyyət Heydər Əliyevin “91-lərin müraciətinə” cavabının mətbuatda dərc olunması ilə Yeni Azərbaycan Partiyasının yaranması prosesi başlandı, minlərlə insan taleyini bu partiya ilə bağlamaq arzusunu açıq ifadə etdi. Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda  yarandı. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş  550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi
Tarix sübut edir ki, hər bir ölkənin taleyində həlledici rol oynayan xilaskar olur. Sözügedən çətin məqamda xalqını düşdüyü bəladan xilas edən, dağılmaq təhlükəsində olan Azərbaycanı vətəndaş müharibəsindən qurtaran ulu öndərimiz Heydər Əliyev oldu. Milli özünüdərkin ən yüksək ifadəsi olan müstəqil dövlət və azərbaycançılıq ideyası, məhz ümummilli liderin adı ilə bağlıdır.
Onilliklər ötməsinə baxmayaraq, o dövrün tablosunu cızmaq həmin proseslərin bilavasitə iştirakçısı olanlar üçün çətin deyil. Ümidi və inamı qırılmış xalq, repressiyaya məruz qalmış ziyalı ordusu, bərbad vəziyyətə salınmış iqtisadiyyat, elm, təhsil, səhiyyə, qanunsuz silahlı birləşmələr, separatizm, torpaqların işğal olunması – bir sözlə, ölkəni bürümüş xaos və anarxiya. Heydər Əliyev Azərbaycanı məhz bu vəziyyətdə qəbul etdi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqların işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı.
1993-cü ilin ikinci yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmənin qarşısı alındı, iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Qısa zaman ərzində əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.
Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynamış ümummilli liderimiz Heydər Əliyev dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında əvəzsiz xidməti olmuş və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazmışdır. Odur ki, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır.
Konfransda ulu öndərin Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı sahələri üzrə fəaliyyətini əks etdirən “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyevin, “Ağsaqqallar qızıl fondumuzdur” mövzusunda rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirovun, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqovun, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Günəşli kənd tam orta məktəbinin müəllimi Əfsanə Rəhmanovanın məruzələri dinlənildi.
Sonra Yeni Azərbaycan Partiyasının Əliabad ərazi ilk partiya təşkilatının sədri Əkrəm Abdullayev ulu öndər haqqında xatirələrini bölüşdü və ulu öndərə həsr etdiyi “Yaşa sən qəlblərdə dahi tək Heydər” şerini söylədi.
Yekun sözü ilə çıxış edən icra hakimiyyəti başçısı bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı Dövlət Proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır.

Keçidlər