Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı uzunömürlülər diyarı Lerikdə

02 may 2019 | 16:00

May ayının 2-də Mədəniyyət Nazirliyinin təşəbbüsü və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına dağlar diyarı, uzunömürlülər məskəni Lerik rayonu ev sahibliyi etdi.
Bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında keçirilən festivalda Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, nazirliyin məsul işçiləri, regional mədəniyyət idarələrinin işçiləri, ictimaiyyət nümayəndələri, respublikamızın digər bölgələrindən gələn qonaqlar və yüzlərlə lerikli iştirak edirdi.
Festival qonaqları milli geyimli qızların təqdimatında Lerik kulinariyasına məxsus milli çörək növü “Zeyrən” və pürrəngi çayla qarşılandılar.
İki hissədən ibarət olan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sərgi hissəsində regional mədəniyyət idarələri tərəfindən sərgi alaçıqlarında yağlı boya ilə çəkilmiş naturmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri, heykəl nümunələri, ağacoyma, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələr, çay daşları və ağacdan hazırlanmış muncuq və digər bəzək əşyaları, kəlağayılar, həsirdən hörmə, toxuma əl işləri, misgərlik nümunələri, məişət qabları, dulusçuluq və filoqrafiya əsərləri (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.
Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.
Festivalda xalçaçı qızların hana arxasında ilmə vurması, corab toxuması kimi qədim el sənətini əyani şəkildə nümayiş etdirmələri ziyarətçiləri keçmiş dövrlərin ab-havasına köklədi.  
Bundan başqa, sərgi alaçıqlarının ətrafında milli geyimli xanımlar təndirdə lavaş, sacda yuxa və göy qutabı bişirərək  qonaqlara təqdim edirdilər.
Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq rayon mədəniyyət mərkəzinin hazırladığı səhnəcik nümayiş etdirildi. Nəsimi obrazını canlandıran qiraət ustasının ifasında ədibin “Mərhəba” və “Olmuşam” qəzəlləri alqışlarla qarşılandı.
Yerli şair və yazıçıların, publisistlərin kitablarından ibarət sərgi festival iştirakçıları tərəfindən maraqla izlənildi. 
Festivalda rayon icra hakimiyyəti başçısı və qonaqlar Lerikin uzunömürlüləri ilə təbiət qoynunda çay süfrəsi arxasında görüşdülər. Barzavu kənd sakini Həlimə nənənin festival gününə təsadüf edən 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi, yubilyara rayon icra hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olundu.  
Festivalda Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək tədbir iştirakçılarını leriklilər adından salamladı. Bildirdi ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalında Azərbaycanın bütün regionlarını əhatə edən rayon və şəhərlərin bir-birindən fərqli mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq  imkanı əldə etdik.  Bölgələr bir-birini daha yaxından tanımaq imkanı qazandılar. Bir daha əyani surətdə şahidi olduq ki, Azərbaycan xalqının maddi və mənəvi sərvəti olduqca zəngindir. Belə möhtəşəm tədbirin keçirilməsində dəstəyə görə bütün leriklilər adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirdi və milli-mənəvi irsimizin qorunub təbliğ edilməsi sahəsində hamıya uğurlar dilədi. Çıxışının sonunda rayon icra hakimiyyəti başçısı rayonun mədəni-kütləvi tədbirlərində və “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının hazırlanması və keçirilməsində fəal iştirakına görə fərqlənən 3 nəfər mədəniyyət işçisini rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etdi.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bölgələrin özfəaliyyət dərnəkləri, folklor kollektivləri və musiqiçilərinin çıxışları ibarət konsert proqramı ilə davam etdirildi.
Sonda nümayiş etdirilən möhtəşəm atəşfəşanlıq tədbir iştirakçıları və rayon əhalisi tərəfindən maraqla izlənildi.

Keçidlər