Azərbaycan Respublikasının 10 milyonuncu sakininin anadan olması münasibəti ilə konsert proqramı keçirildi
7 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının 10 milyonuncu sakininin anadan olması münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin, Lerik Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev meydanında konsert proqram keçirildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rüvşən Bağırov çıxış edərək əlamətdar hadisə , aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Həsənov Rauf Yunis oğlu ilə Ocaqova Nigar Çərkəz qızının ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlməsi münasibəti ilə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik etdi.
Bildirdi ki, cənab Prezidentin həyata keçirdiyi iqtisadi, sosial islahatlarının nəticəsidir ki, iqtisadiyyatımız, qeyri-neft sektoru inkişaf edir, xalqımızın həyat şəraiti, yaşam səviyyəsi ildən ilə yaxşılaşır. Məhz bu iqtisadi göstəricilərin yaxşılaşmasının uğurudur ki, həm də demoqrafik göstəricilərimiz yüksəlir. Müstəqilliyimizin ilk illərində sayımız 7 milyondan bir az çox idisə bu gün artıq 10 milyon olduq. Eyni zamanda dünyada yaşayan azərbaycanlıların sayı artır. Dünyanın müxtəlif ölkələrində 10 minlərlə, 100 minlərlə azərbaycanlı yaşayır. Artıq 50 milyondan çox olan Azərbaycanın səsi planetin hər yerindən gəlir.
Müstəqilliyimizin bərpasından keçən 27 il ərzində ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasına daxil olmuşdur. Ordumuz dünyanın ən güclü 52 ordusundan biridir. Bütün bunlar xalqımıza qürur verir, düşmənlərimizi isə ümidsizliyə yuvarlandırır. 3 il bundan öncə qısa müddətli aprel döyüşlərində ordumuzun mənfur düşmənə ağır zərbələri, minlərlə hektar torpaqlarımızın işğaldan azad edilməsi, strateji yüksəkliklərin götürülməsi nəticəsində on minlərlə hektar əraziyə nəzarətimizin təmin edilməsi xalqımızın qəhrəman ordumuza inamını təsdiq etdi.
Daha sonra natiq demoqrafik göstəricilərin yüksəlməsində, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayan cənab Prezident tərəfindən son aylarda imzalanmış fərman və sərəncamlar haqqında məlumat verdi. Bildirdi ki, şəhid ailələrinə 11 min manat birdəfəlik yardımların verilməsi, minimum əmək haqqı və pensiyaların artırılması, Milli qəhrəmanlara, şəhid ailələrinə, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin, veteranlara verilən sosial müavinətin, tələbə təqaüdlərinin artırılması, anadangəlmə əlillərə və 1-ci qrup əlillərə baxanlara yeni prezident təqaüdlərinin təsis edilməsi, problemli kreditlərin ödənilməsi və sair haqqında verilmiş sərəncamlar cənab Prezidentin xalqımıza olan yüksək qayğı və diqqətinin bariz nümunəsidir.
10 milyonuncu sakinin dünyaya gəlməsi münasibəti ilə həm cənab Prezident, həm də Birinci vitse-prezident tərəfindən təbriklərin ünvanlanması və bu münasibətlə xalqımız tərəfindən respublikanın hər yerində müxtəlif tədbirlərin, ağacəkmə kompaniyasının, bayram konsertlərinin, atəşfəşanlığın keçirilməsi doğrudan da qürurvericidir.
Tədbir rayon Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı bayram konserti ilə davam etdirildi.
Sonda nümayiş etdirilən möhtəşəm atəşfəşanlıq tədbir iştirakçıları və rayon əhalisi tərəfindən maraqla izlənildi.