Şuranın növbəti iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamladı və Şura iclasının gündəliyini elan etdi.
Sonra rayon icra hakimiyyətinin başçısı çıxışında cənab Prezident tərəfindən 2019-cu ildə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması barədə geniş məlumat verdi. Şəhid ailələrinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsindən, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından, Şamaxı, İsmayıllı və Ağsuda zəlzələ zamanı zərər çəkmiş vətəndaşlara göstərilən dövlət qayğısından söhbət açdı.
Şura iclasında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun olaraq rayon icra hakimiyyəti başçısı aparatına 2018-ci ildə daxil olmuş Azərbaycan Respublikası Qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, digər qərar, xidməti sənədlərlə işin təşkili vəziyyəti barədə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zamiq Əhədovun arayışı dinlənildi.
Şura iclasında məruzə ətrafında Monidigah, Molalan və Pirəsora kənd ərazi icra nümayəndələri çıxış etdilər.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.