Piran kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Piran kəndində Piran kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və qarşıdan gələn xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə təbrik etdi . Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə yerlərdə səyyar görüş-qəbullar mütəmadi olaraq keçirilir ki, bu görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən problemlərlə yerindəcə tanış olmaq və problemlərin həlli istiqamətində tədbirlər görməkdir. Prezidentin rayonumuza dördüncü tarixi səfərindən və rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq ölkəmizin digər regionları kimi, Lerik rayonunun da ildən-ilə inkişaf etdiyini, abadlaşdığını bildirdi.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, şəhid ailələrinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsindən, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Ərəstun Bayramov, Aydın Ağayev, Əliməmməd Məmmədov və digərləri çıxış edərək rayon ərazisində həyata keçirilən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Piran və Zərigüməco kəndlərində içməli su probleminin həllinə, ərazidə qoz bağlarının salınmasına və süd qəbulu məntəqəsinin tikilməsinə, Piran kəndi ərazisindən keçən çayda sahil bərkitmə işlərinin aparılmasına və bir sıra şəxsi xarakter daşıyan problemlərini həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.