Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Yaponiya səfiri Lerik rayonuna səfərə gəlib

19 fevral 2019 | 16:00

19 fevral 2019-cu il tarixdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori Lerik rayonuna səfərdə olmuşdur.
Səfər ərzində səfiri Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Gülşən Ağayeva müşayiət edirdi.
Azərbaycanda həyata keçirilən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində rayonun Pirasora və Conu kəndlərində “Həkim Məntəqəsinin Tikintisi” layihəsinin qrant müqaviləsinin imzalanması məqsədi daşıyan səfər çərçivəsində Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında səfir cənab Teruyuki Katori və rayon icra hakimiyyəti başçısı cənab Rövşən Bağırov arasında görüş keçirildi.
Çay süfrəsi arxasında davam edən görüşdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirləri qeyd etdi, rayonun turizm potensialı və  son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırdı. Bildirdi ki, ötən müddət ərzində iki ölkə arasında səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirilmiş, çox yüksək səviyyədə münasibətlər qurulmuş, Yaponiyanın Səfirliyi tərəfindən Yaponiyanın Rəsmi İnkişafa Yardım Proqramı (ODA) çərçivəsində güzəştli kreditlər, qrant yardımı layihələri həyata keçirilmişdir.
2014-2018-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Səfirlik tərəfindən də Azərbaycanda bir sıra fəaliyyət və layihələr həyata keçirilmişdir. Həmçinin neft və qaz sektorunun modernləşdirilməsi, qeyri-neft sektorunun diversifikasiyası, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və digər sektorların inkişaf etdirilməsi üzrə layihələr icra edilmişdir.
Yaponiya Hökuməti Azərbaycanda yaşayan insanların ilkin ehtiyaclarını qarşılaya biləcək inkişaf layihələri üçün “Ot Kökləri Layihələri üzrə Qrant Yardımı (GGP)” adlı sxem üçün maliyyə yardımı təklif etmişdir. 2000-ci ildən bəri sözügedən sxem, bələdiyyələr, tibb müəssisələri və QHT-lər tərəfindən təqdim olunan və insanların yaşayış standartlarını yaxşılaşdırmağa xidmət edən 199 layihəni əhatə etmişdir. Sözügedən layihələr yoxsulluğun aradan qaldırılması, sosial müdafiə, infrastruktur, ictimai səhiyyə və gəlirin artırılması sahələrində həyata keçirilmişdir. Bu layihə çərçivəsində 2003–2004-cü illərdə Lerik şəhər 3 saylı tam orta məktəbinin tədris korpusu,  2012-ci ildə Lerik rayonunun Şingədulan kənd həkim məntəqəsi inşa edilmişdir. 
2013-cü il sentyabrında Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən “Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin binasının təmiri” layihəsinin başa çatması münasibəti ilə mərasim keçirilmiş, Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe iştirak etmişdir.
Sonra rayon icra hakimiyyəti başçısı cari ildə “Ot Kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində rayonun Pirasora və Conu kəndlərində tibb məntəqələrinin tikiləcəyini qeyd edərək bu gün qrant müqaviləsinin imzalanma mərasiminin keçiriləcəyini vurğuladı. Bütün bu görülmüş işlərə görə səfirin timsalında Yaponiya dövlətinə təşəkkürünü bildirdi.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab Teruyuki Katori Yaponiya-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini, Lerikin füsunkar təbiətinin insanda xoş əhval-ruhiyyə yaratdığını  və burada olmasından məmnun qaldığını bildirdi.
Müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda Yaponiya səfirliyinin dəstəyi ilə 230-dan çox layihə həyata keçirildiyini, bu layihələrin 4-ün Lerikin payına düşdüyünü və layihələri həyata keçirəndə daha çox ucqar ərazilərdə yaşayanların ehtiyaclarının nəzərə alındığını, sosial xarakterli layihələrə daha çox üstünlük verildiyini qeyd etdi.
Başçının və səfirin çıxışından sonra səfir Teruyuki Katori ilə tərəfdaş təşkilat olan “Gənclərin Sosial Problemlərin Həllinə Kömək” İctimai Birliyinin sədri Anar Aslanov arasında rayonun Pirasora və Conu kəndlərində tibb məntəqəsi tikintisi barədə qrant müqaviləsi imzalandı.
Sonda səfir Teruyuki Katoriyə rayon sakinləri tərəfindən hazırlanmış xalq sənətkarlığı nümunələrindən ibarət hədiyyələr və rayon haqqında yazılmış kitablar təqdim edildi.

Keçidlər