Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Lerik şəhər inzibati ərazi dairəsindən olan vətəndaşlarla şəhər 3 saylı tam orta məktəbin akt zalında səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Lerik şəhərində görüşürük.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransından söhbət açan rayon icra hakimiyyətinin başçısı cənab Prezidentin iclasdakı giriş və yekun nitqində regionlarda görülmüş işlər barədə geniş məlumat verdi. Bu işlərin davam etdirilməsi üçün cənab Prezidentin fərmanı ilə regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edildiyini və Dövlət Proqramında cənab Prezidentin də vurğuladığı kimi əsasən regionlardan gələn təkliflərin və problemlərin nəzərə alındığını qeyd etdi.
Həmçinin bildirdi ki, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. İnkişafımızın bariz nümunəsi möhtərəm Prezidentimiz İlham Əliyevin rayonumuza dördüncü tarixi səfəridir. Səfər çərçivəsində cənab Prezident mühüm əhəmiyyətə malik olan Piran-Hamarat-Vijaker avtomobil yolunun, su-kanalizasiya sisteminin, gücü 16,5 MVt olan elektrik stansiyasının, Bayraq Muzeyinin və 100 uşaq yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak etmiş və ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Cənab Prezidentin rayonumuza səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun tikintisinə 9,2 milyon manat, Lerik şəhərində 48 mənzilli binanın tikintisinə 3 milyon manat və Orand kəndində məktəbin tikintisinə 1 milyon manat, cəmi 13,2 milyon manat vəsaitin ayırması rayonumuzun gələcək inkişafından xəbər verir.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Güləhməd Tağıyev, Zakir Vəliyev, Dilarə Fətullayeva, Şahin Əliyev, İlham Zülfiyev və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və şəhərdə veteranlar evinin və idman kompleksinin tikintisinə, Hacı Heydər, Mirzə Fətəli Axundov, Həzi Aslanov küçəsinin, Soltanağa Ağayev küçəsi ilə Həzi Aslanov küçəsinin birləşdirən məhəllə yolunun asfaltlaşdırılmasına və işıqlandırılmasına, mövcud zibil qutularının yenilənməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.