Lerik Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları barədə hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi
Şura iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov və Azərbaycan Respublikasının Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül-çiçək dəstələri qoydular.
Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən hesabat yığıncağında icra hakimiyyəti başçısı Rövşən Bağırov 2018-ci ildə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. Bildirdi ki, 2018-ci il dövlətimizin bütün sahələrdə əldə etdiyi mühüm nailiyyətlərlə tarixə düşdü. İstər ictimai-siyasi, istər sosial-iqtisadi və eləcə də digər sahələrdə əldə edilən dinamika respublikamızın inkişafının davamlı olduğunu təsdiq edir.
Azərbaycanda 2018-ci ildə ən mühüm və əlamətdar siyasi hadisə, aprel ayının 11-də keçirilən növbədənkənar prezident seçkiləri oldu. Bu seçkidə İlham Əliyevin möhtəşəm qələbəsi müdrik və qədirbilən xalqımızın siyasi iradəsinin növbəti dəfə təntənəsi olmaqla insanların öz taleyinə biganə qalmamasının, gələcək naminə düzgün seçim etməsinin - ən layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixləşdi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı dünyada davam edən münaqişələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları fonunda respublikamızın uğurlarının özünü daha qabarıq şəkildə büruzə verdiyini, Azərbaycanın inkişaf, tərəqqi, sabitlik ölkəsi olduğunu, öz müstəqil inkişaf yolu ilə uğurla getdiyini diqqətə çatdırıb. Eyni zamanda, regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla başa çatdığını, bölgələrdə infrastruktur layihələrinin icrasının daha sürətlə həyata keçirildiyini, yüz minlərlə yeni iş yerləri, sənaye müəssisələri yaradıldığını, kənd təsərrüfatında müsbət nəticələrin qeydə alındığını vurğulayıb.
Nazirlər Kabinetinin iclasında keçən ildə ümumi daxili məhsulun 1,4%, qeyri-neft sektorunun inkişafının 1,8%, sənaye istehsalının 1,5%, qeyri-neft sektorunda sənaye istehsalının 9,1%, kənd təsərrüfatının 4,6% artması xatırladılıb. Hesabat dövründə inflyasiyanın 2,3% təşkil edildiyi, əhalinin pul gəlirlərinin isə 9,2% artdığı qeyd olunub. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub, bunun 11 milyard manatı qeyri-neft sektoruna yatırılıb, 118 min daimi iş yeri yaradılıb. Keçən il valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara çatıb. Hesabat dövründə bir sıra tarixi layihələr reallaşdırılıb, o cümlədən, nəhəng transmilli Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələri uğurla həyata keçirilib, “Azərspace-2” peyki orbitə buraxılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Sumqayıtda polipropilen zavodu, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodu istismara verilib.
Azərbaycan Prezidentinin sərəncamlarına əsasən ötən ilin mart ayından dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasına başlanıb. Bu ilin yanvar ayında istifadəyə verilən “Məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcəkdir. Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlərin işçi qüvvəsinə sərbəst çıxışı reallaşacaq.
2018-ci ildə keçirilmiş prezident seçkilərində əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanan dövlətimizin başçısının imzaladığı ilk fərman şəhid ailələri ilə bağlı növbəti humanist addım olub. Fərmanın icrası olaraq 11 min manatlıq ödənişin verilməsi üçün elektron xidmət yaradılıb və 3097 şəhidin 4190 vərəsəsinə məmur təması olmadan 34 milyon manat vəsait ödənilib.
Ölkəmiz üçün uğurlu olan 2018-ci il eyni zamanda rayonumuz üçün də uğurlu illərdən biri olmuşdur. İnkişafımızın bariz nümunəsi möhtərəm Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayonumuza dördüncü tarixi səfəridir. Ölkə başçısının rayonumuzun iqtisadiyyatının yenilənməsinə, infrastrukturun qurulmasına, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, orada söylədiyi proqram xarakterli çıxışı, rayonumuzun gələcək inkişafı ilə bağlı imzaladığı Sərəncamlar bir daha Prezidentin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını sübut etdi.
Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsi uğurla icra edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin birinci yarımilliyində imzaladığı Sərəncamlara müvafiq olaraq “Azərsu” ASC-nə Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması üçün əlavə olaraq 1 milyon manat, Geskon, Sors, Molalan və Şingədulan kəndlərinə su xətlərinin çəkilməsi üçün isə daha 1 milyon manat vəsait ayrılmışdır. Hal-hazırda “Azərsu” ASC-nin sifarişi ilə tikinti işləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Lerik şəhərində 16,5 MVT-lıq modul elektrik stansiyası inşa edilmiş, hesabat ilində elektrik təsərrüfatının yenilənməsi ilə bağlı bir sıra müsbət işlər görülmüş, xətlərdə təmir-bərpa işləri aparılmışdır. Payız və qış aylarının sərt keçməsinə baxmayaraq əvvəlki illərdə olduğu kimi enerji verilişində uzun müddətli açılmalar müşahidə edilməmişdir.
Heydər Əliyev Fondu tərəfindən Lerik şəhərində 100 uşaq yerlik, 2 mərtəbəli uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir. Uşaq bağçası üçün tələb olunan bütün avadanlıqlar alınmışdır. Bağçada 4 qrup fəaliyyətə başlamış və 20 nəfər daimi işlə təmin olunmuşdur.
Lerik şəhərində Bayraq muzeyi inşa edilmişdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq Lerik rayonuna qaz xətti çəkilmiş, 162 yaşayış məntəqəsindən 50 yaşayış məntəqəsi üzrə 4506 ailənin yaşayış evi, o cümlədən 2018-ci ildə Veri kəndi qazlaşdırılmışdır.
“Azəriqaz” İB ilə birlikdə rayon icra hakimiyyəti tərəfindən rayon üzrə qazlaşdırılmamış bütün yaşayış məntəqələri üzrə tələb olunan məlumatlar hazırlanaraq Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən Lerik şəhərində 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılmışdır.
2018-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 13, Fövqəladə Hallar nazirliyi tərəfindən isə təbii fəlakət nəticəsində fərdi yaşayış evləri qəza vəziyyətinə düşmüş 30 fərdi yaşayış evinin tikintisi davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonumuzda yaşayan aztəminatlı ailələrin üzvlərindən 185 nəfəri müqavilə əsasında, 1 il müddətinə şəhərdə aparılan abadlıq-təmizlik işlərinə cəlb edilmişdir.
Rayon üzrə 2018-ci ildə şəhər daxili küçələrdə 28756 kv.metr asfaltlaşdırma işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması üçün 5 milyon, 15 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə isə 9,2 milyon manat vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır. Hal-hazırda yolun tikintisində işlər sürətlə davam etdirilir.
Ölkə başçısının Sərəncamları ilə 26 km-lik Lerik-Qosmalıan-Kəlvəz, 36 km-lik Noda-Şingədulan-Xanagah, 27 km-lik Piran-Hamarat-Vıjaker avtomobil yolları inşa edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən şəhərin bütün küçələrində suaxarlar, kanallar inşa edilmiş, şəhər sakinlərinin narahatçılığına səbəb olan sel sularının axıdılmasına şərait yaradılmışdır. Küçə, meydan və parklarda müasir işıqlandırma dirəkləri quraşdırılmışdır.
Prezidentin sərəncamına uyğun olaraq Noda kəndində 50 yerlik uşaq bağçasının, Sivəkəran kəndində 20, Kirəvud, Zövnə, Vamazğon kəndlərində 40, Vov, Vılıq kəndlərində 80, Küsəkəran, Kaqoy, Conu kəndlərində 56, Monidigah kəndində 96 və Orand kəndində isə 180 uşaq yerlik məktəblərin tikintisi davam etdirilir. Maliyyə vəsaiti ayrılmadığından Boykəndil və Əvilə məktəblərinin tikintisində işlər dayandırılmışdır. Cəngəmiran, Conu və Pirasora kəndlərində tibb məntəqələrinin tikintisi nəzərdə tutulmuşdur.
2018-ci ilin 12 ayıında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2017-ci ilin 12 ayına nisbətən 3,1% artmışdır.
Pərakəndə əmtəə dövriyyəsi 1,4% və ya 3 milyon 830,5 min manat, pullu xidmətlərin həcmi isə 2,2% və ya 1 milyon 044,4 min manat çoxalmışdır.
Cari ildə 19 kənd inzibati ərazi dairəsi üzrə 27,0 hektar sahədə (keçən illə müqayisədə 2,0 hektar çox) “Virciniya” və “İmmuna” tütün sortları əkilmişdir. Havaların quraq keçməsi səbəbindən sahələrdə məhsuldarlıq aşağı olmuş, nəzərdə tutulmuş tütün təhvil verilməmiºdir. Rayon icra hakimiyyəti bu sahənin inkişaf etdirilməsindən ötrü respublikamızda fəaliyyət göstərən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (Seda) təşkilatı ilə birgə işlərə başlamış, ərazilərdə yaradılan icmaların təkliflərinə əsasən rayonun Piran, Cəngəmiran və Livədirqə ərazilərində tütünqurutma məntəqələrinin tikilməsi üçün hazırlıq işlərinə başlanılmışdır.
Çayçılığın yenidən bərpası üçün rayonun Vizəzəmin və Tikəband ərazilərində 100 hektardan yuxarı məhsuldar torpaq sahələri vardır. Gəlir gətirən sahənin inkişafı üçün dövlət dəstəyindən yararlanaraq iş adamları fəaliyyətə başlamalıdırlar.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondunun xətti ilə 2002-2018-ci illər ərzində Lerik rayonu üzrə 317 sahibkara 15,51 milyon manat, o cümlədən 2018-ci ildə 15 sahibkara 82 min manat güzəştli kredit ödənilmişdir. Bu kreditlər hesabına 1590 yeni iş yerinin açılması mümkün olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də rayon sakinlərinin kütləvi dispanserizasiya işləri uğurla aparılmış, 52 min nəfər ilkin olaraq tibbi müayinədən keçmişdir. Rayon mərkəzi xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirilmişdir.
Hesabat ilində rayon gənclər və idman idarəsinin iştirakı ilə silsilə tədbirlərin keçirilməsi davam etdirilmişdir. Məktəblilərin, gənclərin iştirakı ilə keçirilən idman və bilik yarışlarında bir sıra uğurlar əldə edilmişdir.
2018-ci ilin yazında İDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə rayonun Divağac kəndində 1,0 ha, Cəngəmiran kəndində isə 2 ha sahədə meyvə bağı salınaraq həmin bağlar təmənnasız olaraq 4 nəfər kənd sakinlərinə təhkim olunmuşdur.
2018-ci ildə rayonumuzun büdcəsinin limit daxilində xərclənməsinə nəzarət edilmiş, büdcə təşkilatları tərəfindən artıq xərclərə yol verilməmiş, büdcə vəsaiti hesabına əsas sosial ödəmələrin maliyyələşdirilməsi təmin edilmiş, əmək haqları, pensiya üzrə bütün öhdəliklər yerinə yetirilmişdir.
2019-cu ildə rayon büdcənin mədaxil hissəsinin yerli gəlirləri 2 milyon 135 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait (dotasiya) 3 milyon 720 min manat, cəmi 5 milyon 855 min manat proqnozlaşdırılmışdır ki, buda keçən ilə müqayisədə 614 min manat çoxdur.
Rayonumuzda ictimai-siyasi işin aparılması istiqamətdə işlər təsdiq edilmiş Tədbirlər Planına uyğun reallaşdırılmışdır. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi, 15 iyun Milli Qurtuluş, 18 Oktyabr Müstəqillik, Dövlət Bayrağı və Konstitusiya günü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir. Cumhuriyyətimizlə yaşıd olan polis, məhkəmə, prokurorluq və digər dövlət qurumlarının peşə bayramları da ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş qeyd edilmişdir.
Rayonumuzda dini dözümlülüyün təmin edilməsi məqsədi ilə dini icmalarla əlaqəli işin qurulması, dövlət-din münasibətlərinin təbliği, radikal dini cərəyanların yayılmasının qarşısının alınması mövzusunda 2018-ci ildə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər əlaqədar təşkilatlarla birgə vaxtaşırı tədbirlər keçirilmiş, rayonda dini sabitliyin qorunması təmin edilmişdir.
Respublikanın hər yerində olduğu kimi rayonumuzda da YAP ən nüfuzlu, bütün sahələrdə öz sözünü deməyi bacaran, sıraları günü-gündən artan, xalqın böyük əksəriyyətini özündə birləşdirməyi bacaran partiyadır. 58 ilk təşkilatda olmaqla partiya üzvlərinin sayı 2018-ci il ərzində 4114 nəfərə çatmışdır ki, bunun da 794 nəfəri qadın, 1685 nəfəri isə gənclərdir. Hesabat ilində 421 nəfər partiya sıralarına qəbul olunmuşdur. Sentyabr 2018-ci ildə YAP rayon təşkilatının yaranmasının 25 illiyi rayon ictimaiyyəti nümayəndələrinin, Milli Məclisin deputatı İqbal Məmmədovun və digər qonaqların iştirakı ilə təntənəli şəkildə qeyd olunmuşdur. İlk partiya təşkilatlarının təşəbbüsü ilə ərazilərdə də sisilə tədbirlər keçirilmişdir.
Müxalifət partiyalarının rayon təşkilatları tərəfindən heç bir kütləvi tədbir keçirilməmişdir. Rayonda ictimai-siyasi vəziyyət sabitdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 16 iyun 2018-ci il tarixdən 07 iyul 2018-ci il tarixədək səyyar “ASAN xidmət”in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları rayonumuzun ərazisində olmuş və rayon sakinlərinə xidmət göstərilmişdir. Ümumilikdə 1711 nəfər “ASAN xidmət”ə müraciət etmiş, 1676 sənəd qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən layihə çərçivəsində rayonumuzun fəal məktəbliləri respublikanın ayrı-ayrı rayonlarına göndərilmiş, onların təbiəti, tarixi, milli mətbəxi ilə tanış olmuşlar.
Rayonumuzdakı ictimai stabillik, müxtəlif peşə adamlarının tutduqları vəzifədən asılı olmayaraq dövlətə sədaqətlə xidməti həmişə Azərbaycan Respublikası Prezidentinin diqqət və nəzarətində olmuşdur. Hesabat ilində Lerik Rayon İcra Hakimiyyəti başçısının Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eminəli Həşimovun Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə, Pirasora kənd bələdiyyəsinin sədri Bəyverdi Hüseynovun 3-cü dərəcəl “Əmək” Ordeni ilə, Nuravud tam orta məktəbinin coğrafiya müəllimi Rasim Liftiyevin “Tərəqqi” medalı ilə təltif olunması cənab Prezidentin rayonumuzun hər bir sakininə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Rayonumuzun inkişafına göstərdiyi qayğı və diqqətə, aparılan quruculuq, abadlıq işlərinə görə rayon əhalisi adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, hər bir vətəndaşın yaxşı yaşaması və işləməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf üçün verilmiş Fərman və Sərəncamlar, tapşırıq və tövsiyələr, cənab Prezidentin Nazirlər Kabinetinin 10 yanvar 2018-ci il tarixli iclasındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Lerik rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.
Daha sonra natiq rayonda əldə edilmiş uğurlarla yanaşı, ölkə başçısının vətəndaş-məmur münasibətləri ilə bağlı tələbkarlığına uyğun vətəndaşların qəbulu, müraciətlərinə baxılması və kargüzarlıq işlərinin aparılması vəziyyəti haqqında məlumat verdi.
Məruzə ətrafında rayon maliyyə idarəsinin müdiri Elman Abbasov, ƏƏSMN yanında DSMF-nin Lerik rayon şöbəsinin müdiri Malik Mirzəyev, rayon elektrik şəbəkəsinin rəisi Namiq Quliyev, rayon ağsaqqal Elxan Qənbərov, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov çıxış edərək 2018-ci ildə rayonda ayrı-ayrı sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Şura iclasında rayon veteranlar şurasının sədri Hidayət Bəşirov, ağsaaqqal Nəsib, Lerik peşə məktəbinin müəllimi Rəsmiyyə Ağayeva çıxış edərək görülmüş işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər və gələcəkdə rayonda görülməsi vacib olan işlər barədə təkliflərini bildirdilər.
Sonra Nuravud kənd tam orta məktəbinin coğrafiya müəllimi Rasim Liftiyev çıxış edərək təhsildəki səmərəli fəaliyyətinin qiymətləndirilərək “Tərəqqi” medalı ilə təltif edildiyinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi.
Şura iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev çıxış edərək 2018-ci ilin ölkəmiz üçün mühüm siyasi hadisənin, aprel ayının 11-də keçirilən növbədənkənar prezident seçkiləri olduğunu qeyd etdilər. Bu seçkidə də xalqımızın siyasi iradəsinin növbəti dəfə təntənəsi, insanların öz taleyinə biganə qalmamasının, gələcək naminə düzgün seçim etməsinin - ən layiqli namizədə Prezident cənab İlham Əliyevə səs verməsi oldu. Ölkəmiz üçün uğurlu olan 2018-ci ilin eyni zamanda Lerik rayonu üçün də uğurlu illərdən biri olduğunu vurğulayaraq, cənab Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayona dördüncü tarixi səfərini və səfər zaman bir sıra mühüm əhəmiyyətə malik obyektlərin açılışını etdiyini diqqətə çatdırdılar.
Nazirlər Kabinetinin iclasında və Dövlət Proqramının icrasının yekunu ilə bağlı keçirilən konfransda cənab Prezident tərəfindən ölkə iqtisadiyyatının əsas sahələrinin inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini verildiyini və hamımızın bu tapşırıq və tövsiyələri layiqincə yerinə yetirməyə borclu olduğumuzu bildirdilər.
Sonda Şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.