Piran, Hamarmeşə, Anbu, Rvarud və Andurma kəndlərinə mavi qazın verilməsi ilə bağlı Piran və Anbu kəndlərində açılış mərasimi keçirilmişdir.
22 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin üzvü İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının rəhbərlərinin, ziyalıların və kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Piran və Anbu kəndlərində 5 kəndə mavi qazın verilməsinə həsr olunmuş açılış mərasimi keçirilmişdir. Giriş sözü ilə rayon icra hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov çıxış edərək qeyd etdi ki, başa çatmaqda olan 2012-ci il Azərbaycanın müstəqillik tarixində böyük uğurlar, möhtəşəm qələbələr, sürətli inkişaf, tərəqqi ili kimi yadda qalacaqdır. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində bu il də mühüm nailiyyətlər əldə edilmişdir. Son 9 ildə Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin davam etdirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrimiz simasını dəyişmiş, müasirləşmiş, əhalinin rifah halı daha da yüksəlmişdir. Bakıda keçirilən Beynəlxalq tədbirlər Azərbaycanı nəinki regional mərkəzə, qlobal dünya xəritəsində mühüm mərkəzə çevirib. Gənc müstəqil respublikamızın 2011-ci ildə ilk dəfə dünyanın 193 ölkəsindən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bunun ən böyük təsdiqidir. Son günlər Avropa Olimpiya Komitəsinin 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında verdiyi qərar isə Azərbaycanın və onun gənc liderinin dünyada artan nüfuzunun, hörmətinin və geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstəricisidir.
Daha sonra bildirildi ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycan dünyada ən sürətli templə inkişaf edən ölkəyə çevrilmişdir. Bu il İqtisadiyyatımız rəqabət qabiliyyətliyinə görə dünyada 46-cı, MDB məkanında birinci yerdədir. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünyada 10 ölkədən biridir. Dövlət büdcəsi son 10 il ərzində 22 dəfə artmış, valyuta ehtiyatı 45 milyard dollara çatdırılmışdır. Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. Son illər işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini vermişdir. Bunun bariz nümunələri Piran kəndində də göz önündədir. Kərpic, qum-çınqıl istehsal edən zavodun, yeni məktəb binasının, həkim məntəqəsinin istifadəyə verilməsi, mədəniyyət evinin əsaslı təmir edilməsi, Broyler fabrikinin tikilməsi və açılışına toplaşdığımız qaz xəttinin çəkilməsi dediklərimizə əyani nümunədir. Cənab Prezidentin tapşırığı əsasında Piran kəndində qısa vaxt ərzində müxtəlif diametrli metal borularla 2170 metr, yeraltı polietilen borulardan istifadə etməklə 5440 metr daşıyıcı və 15-20 diametrlik dəmir boru ilə 192 abonentin evinə 6471 metr xətt çəkilmişdir. Ümumilikdə beş kənd üzrə 494 abonent üçün xətt çəkilmiş, sayğac qoyulmuşdur. Yeni il ərəfəsində rayonumuzun sakinlərinə bayram sevinci bəxş etdiyinə görə Cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm zəfərlərə doğru inamla addımlamaqda davam edəcəkdir.
Daha sonra Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək kənd sakinlərini təbrik etdilər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti ilə Respublikamızda əldə olunan uğurları diqqətə çatdırdılar.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov kənd sakinlərini mavi qazın verilməsi və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibəti ilə təbrik etdi. İlk dəfə cənab İlham Əliyevin tapşırığı ilə qısa vaxt ərzində 2006-cı ildə Lerik şəhərinə qaz xəttinin çəkildiyini , ötən il 6 kəndə və bu gün daha 5 kəndə mavi qazın verildiyini, bir neçə kənddə qazlaşdırma işlərinin sürətlə aparıldığını qeyd etdi. Son illər ölkə Prezidentinin qayğı və diqqəti, Dövlət Neft Şirkətinin rəhbərliyinin, Milli Məclisin üzvü İqbal Məmmədovun köməkliyi ilə rayonda aparılan tikinti-quruculuq işlərinin əhalimiz tərəfindən razılıqla qarşılandığını bildirdi.
Sonra Piran kənd sakinləri Aydın Şükürov, Əfqan Höccətov, Anbu kənd sakinləri Hüseynağa Əhmədov, Bəylər Kərimov çıxış edərək kənd sakinləri adından minnətdarlıqlarını bildirdilər. Anbu kənd sakini, birinci qrup Qarabağ müharibəsi əlili ona qaz pilitəsi hədiyyə etdiyi üçün rayon icra hakimiyyəti başçısına minnətdarlığını çatdırdı.
Hər iki kənddə rəmzi açılışı bildirən məşəl alovlandırıldı.