31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirildi
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramsayağı bəzədilmiş Lerik şəhərinin Heydər Əliyev Meydanında yeni il rəmzi olan “Yolka” ətrafında Şaxta Baba və Qar qızın iştirakı ilə rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqalların, məktəblilərin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirildi.
Bayram tədbirini Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açıq elan edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev çıxış edərək rayon icra hakimiyyəti başçısının rayon əhalisinə xoş arzularını və təbriklərini çatdırdı. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün artıq hər il dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə keçirilir.
Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində 2018-ci ilin də uğurla başa vurulduğunu bildirdi. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi bütün ölkə ərazisində, rayonumuzda və kəndlərimizdə təntənəli şəkildə qeyd olundu. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün qətiyyətlə inkişaf etdirilir və Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.
2018-ci ildə əsas uğurumuz keçirilən Prezident seçkisi oldu. Azərbaycan xalqı, o cümlədən biz leriklilər də cənab İlham Əliyevə, öz xoşbəxt gələcəyimizə səs verdiyimizi və Prezidentimizə olan sevgimizi sübut etdik.
İnkişafımızın bariz nümunəsi regionlarda aparılan tikinti-quruculuq işləri və cənab Prezidentin istifadəyə verilən obyektlərin açılışında iştirakıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayonumuza dördüncü tarixi səfəri, rayonumuzun iqtisadiyyatının yenilənməsinə, infrastrukturun qurulmasına, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, orada söylədiyi proqram xarakterli çıxışı, rayonumuzun gələcək inkişafı ilə bağlı imzaladığı Sərəncamlar Prezidentin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını bir daha sübut etdi.
Cənab Prezidentin rayonumuza tarixi səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun tikintisinə, Lerik şəhərində 48 mənzilli binanın tikintisinə və Orand kəndində məktəb tikintisinə vəsaitin ayrılması barədə sərəncam imzalaması rayonumuzun gələcək inkişafından xəbər verir.
2019-cu ildə qarşıya mühüm vəzifələrin qoyulduğunu qeyd edən natiq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun uğurla davam etdirildiyini və bunun nəticəsində qarşıdakı illərdə də nailiyyətlərimizin daha da çox olacağına, quruculuq işlərinin davam edəcəyinə əmin olduğunu bildirdi.
Tədbirdə rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin hazırladığı musiqi nömrələri nümayiş etdirildi və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik etdi, Şaxta Baba uşaqlara hədiyyələr payladı.