Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Azərbaycan Xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi

12 dekabr 2018 | 16:00

Heydər Əliyev Meydanında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 15-ci il dönümü münasibəti ilə anım mərasimi keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri ümummilli liderin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Sonra rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Ümummilli Lider Heydər Əliyevin abidəsi önündən keçərək abidənin önünə tər gül-çiçək dəstələri düzdülər, Ulu Öndərə sonsuz ehtiramlarını bildirdilər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular və ümummilli liderin həyatını əks etdirən “Dastana sığmayan ömür” adlı qısa metrajlı sənədli filmə tamaşa etdilər.
Konfransı giriş sözü ilə açan icra hakimiyyəti başçısı Rövşən Bağırov ümummilli lider, ulu öndər Heydər Əliyevin keçdiyi mənalı, şərəfli həyat yolundan, qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki heç bir ölçüyə sığmayan fəaliyyəti barədə geniş məlumat verərək “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə etdi.
Bildirdi ki, məhz xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, gələcəyə inam oyandı. Azərbaycan təcrid vəziyyətindən çıxdı və dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi və hüquqi sahədə islahatlara başlanıldı, ölkə quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə göstərdiyi fəaliyyət xalqımız tərəfindən həmişə fəxrlə yad edilir. Azərbaycançılıq məfkurəsini dövlətçilik ideologiyasına çevirən ulu öndərin əbədiyyətə qovuşmasından 15 il ötsə də, onun ideyaları Azərbaycan Respublikasında  möhtərəm Prezidentimiz cənab İlham Əliyev və xalqımız tərəfindən uğurla həyata keçirilir. Dünyada müharibə və iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanda sabitlik hökm sürür, dövlətimiz gündən-günə inkişaf edir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, ölkəmizin bütün bölgələri sürətlə inkişaf edir. Bunu rayonumuzun timsalında daha aydın görmək olar. Son illərdə rayonumuz gündən-günə inkişaf edir, gözəlləşir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə Lerik şəhərində və kəndlərimizdə tikinti-quruculuq, abadlıq işləri aparılmış, yeni məktəb binaları, səhiyyə ocaqları, digər sosial obyektlər tikilmiş, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi davam etdirilmiş, kəndlərarası yollar təmir və bərpa edilmişdir. Prezident cənab İlham Əliyev oktyabrın 15-də rayonumuza dördüncü səfəri zamanı 5 mühüm əhəmiyyətə malik obyektlərin açılış mərasimlərində iştirak etdi, rayon ictimaiyyət nümayəndələri ilə görüşdü. Görüş zamanı cənab Prezident rayonda görülən işləri yüksək qiymətləndirdi və bu tədbirlərin növbəti illərdə də davam etdiriləcəyini bildirdi. Bütün bunlar rayon ictimaiyyəti tərəfindən razılıq və minnətdarlıqla qarşılanır.
Həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrildiyini qeyd edən natiq Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacağını diqqətə çatdırdı.
Konfransda YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyov “Ulu Öndərin hüquqi dövlət quruculuğu sahəsində gördüyü işlər”, Lerik “Uzunömürlülər” muzeyinin direktoru Dilara Fətullayeva “Ölkəmizdə dövlət qadın siyasətinin banisi”, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov “Qloballaşma şəraitində gənclərin milli ruhda tərbiyəsində Ulu Öndərin rolu” mövzularında geniş məruzə etdilər.
Tədbir iştirakçılarından Əkrəm Abdullayev çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndərin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, ötən əsrdə  iki dəfə xalqımızın və dövlətçiliyimizin ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarmış, dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Bütün bu xeyirxah əməlləri ilə xalqın ürəyində özünə əbədilik qazanmışdır.
Sonra Lerik şəhərində “Xeyir-Şər” evində rayon icra hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anım mərasimi ilə əlaqədar 300 nəfərlik ehsan süfrəsi açıldı.

Keçidlər