Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov səyyar görüş-qəbulda iştirak edən vətəndaşları salamladı və bildirdi ki, qrafikə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük.
Son illər rayon mərkəzi ilə yanaşı, ucqar dağ kəndlərimizdə də 50-yə yaxın yeni məktəb binalarının tikildiyini, 50-yə yaxın kəndə qaz xəttinin çəkildiyini, 12 kənddə elektrik xətlərinin sipp kabelə əvəzləndiyini, kəndara yollarının təmir edildiyini, bir neçə kəndimizin yoluna asfalt döşəndiyini qeyd etdi. Bu il cənab Prezidentin müvafiq sərəncamları ilə rayon ərazisində 10 modul tipli məktəb binasının və Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi, Veri kəndinə qaz xəttinin çəkilməsi, Lerik şəhərinə Mastail kəndindən alternativ, həmçinin Molalan, Sors, Şingədulan və Geskon kəndlərinə içməli su xəttinin çəkilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırdı.
Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. İnkişafımızın bariz nümunəsi möhtərəm Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayonumuza dördüncü tarixi səfəridir. Ölkə başçısının rayonumuzun iqtisadiyyatının yenilənməsinə, infrastrukturun qurulmasına, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, orada söylədiyi proqram xarakterli çıxışı, rayonumuzun gələcək inkişafı ilə bağlı imzaladığı Sərəncamlar Prezidentin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını bir daha sübut etdi.
Cənab Prezidentin rayonumuza tarixi səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun tikintisinə 9,2 milyon manat, Lerik şəhərində 48 mənzilli binanın tikintisinə 3 milyon manat və Orand kəndində məktəbin tikintisinə 1 milyon manat, cəmi 13,2 milyon manat vəsaitin ayrılması rayonumuzun gələcək inkişafından xəbər verir. Cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərinin hər bir leriklinin qəlbində əbədi qalacağını qeyd edərək möhtərəm Prezidentin iştirakı ilə açılışı həyat keçirilən Piran-Hamarat-Vıjaker avtomobil yolunun, 16,5 MVT-lıq elektrik stansiyasının, Lerik şəhərinə içməli suyun verilməsinin, Bayraq Muzeyi və Lerik şəhər 2 saylı körpələr evi – uşaq bağçasının rayon əhalisinə göstərdiyi diqqət və qayğının əyani təzahürü olduğunu bildirdi.
Sonra rayon icra hakimiyyəti başçısı çıxışında bildirdi ki, bugünkü sizlərlə görüşümüzün əsas məqsədi həm görülən işlər barədə sizi məlumatlandırmaq, həm də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə sizin də fikir və təkliflərinizi öyrənməkdir. Aidiyyəti idarə, hüquq mühafizə orqanlarının rəhbərləri də burada iştirak edir. Ona görə də sizi narahat edən problemləri səsləndirin, rəy və təkliflərinizi bildirin.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Zakir Vəliyev, Tofiq Bədəlov, Hacıməmməd Novruzov, Akif Tağıyev, İlham Zülfiyev və digərləri çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti ilə ucqar dağ rayonu olan Lerikdə son illər aparılan tikinti-quruculuq və abadlıq işləri, ərazilərin qazlaşdırılması, avtomobil yollarının asfaltlaşdırılması, yeni məktəb, səhiyyə, uşaq bağçaları və digər sosial obyektlərin tikildiyini qeyd etdilər və ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Şəhərin məhəllədaxili küçələrinin asfaltlaşdırılmasına, işıqlandırılmasına, şəhərdə yerləşən istirahət parklarında oturacaqların təmir olunmasına, Lerik Rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin dam örtüyünün və Lerik şəhər bazarının təmirinə, şəhər elektrik təsərrüfatının Mastail və Hıramo kənlərindən ayrılmasına, elektrik kartlarında yaranan problemlərin həlli üçün Lerik poçt filialına aparatın gətirilməsinə, şəhərin bəzi məhəllələrində zibillərin atılması üçün xüsusi yerlərin ayrılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.