Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 2018-ci il noyabrın 14-dən 17-dək Gəncə–Şəmkir–Göygöl istiqamətində tur-aksiyada iştirak etmiş məktəblilərlə görüş keçirildi

23 noyabr 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 2018-ci il noyabrın 14-dən 17-dək Gəncə–Şəmkir–Göygöl istiqamətində tur-aksiyada iştirak etmiş məktəblilərlə görüşü keçirildi.
Tədbirdə həmçinin rayon icra hakimiyyəti başçısı aparatının, rayon təhsil şöbəsinin əməkdaşları, müəllimlər, tur-aksiyada iştirak etmiş şagirdləri müşayiət etmiş məsul şəxslər iştirak edirdi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə uşaq və gənclərin inkişafına, onların keyfiyyətli təhsil almasına böyük diqqət yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin ənənələrinə sadiq qalaraq təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirir. Prezident cənab İlham Əliyevin tapşırığı ilə 2014-cü ildən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdlərinin müxtəlif bölgələrə ekskursiyaları təşkil olunur. Həmin layihə çərçivəsində indiyədək Lerik rayonundan olan şagirdlər Gəncə–Göygöl–Şəmkir, Quba–Qusar–Xaçmaz və Naxçıvan istiqamətləri üzrə tur-aksiyalarda iştirak etmişlər. Bu il noyabrın 14-dən 17-dək rayondan olan məktəblilərin Gəncə–Göygöl–Şəmkir istiqamətində növbəti ekskursiyası təşkil edilmiş və uğurla həyata keçirilmişdir.
“Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin respublikamızın şəhər və rayonlarını daha yaxından tanıması, tarixi abidələrlə tanış olması, habelə regionlarda gedən inkişaf prosesləri, aparılan quruculuq işləri haqqında məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiya zamanı gənclərin ölkəmizin müxtəlif bölgələrinin tarixini, mədəniyyətini özündə əks etdirən muzeylərdə, tarix və mədəniyyət abidələrində olması onların ölkəmiz haqqında daha ətraflı bilgi əldə etməsinə, eyni zamanda dünyagörüşünün artmasına səbəb olur.
Ənənəvi olaraq hər dəfə məktəblilər tur-aksiyaya yola salınarkən və  tur-aksiyadan qayıtdıqdan sonra onlarla görüşlər keçirilir, onların fikirləri öyrənilir. Bugünkü növbəti görüşdə də tur-aksiyada iştirak etmiş məktəblilərin bu layihə haqqında fikirləri dinləniləcəkdir.
Tur-aksiyada iştirak etmiş məktəblilərdən Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasının şagirdi Aysel Nəzərova, Lerik şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Gülbahar Hüseynzadə, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin şagirdləri Səlminaz Vəliməmmədova, Elvira Nuriyeva, Nuravud kənd tam orta məktəbinin şagirdi Tale Kişizadə, Piran kənd tam orta məktəbinin şagirdi Nicat Əliyev, Pirəsora kənd tam orta məktəbinin şagirdi Təhmin Həsənov, Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasının şagirdi Hüseyn Əliyev çıxış edərək, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə–Göygöl–Şəmkir istiqaməti üzrə keçirilmiş tur-aksiya zamanı proqrama uyğun olaraq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərində qədim qala divarları, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, İmamzadə məscidi, Nizami Gəncəvinin məqbərəsi, Nizami Gəncəvi adına Mərkəz, Heydər Əliyev adına Milli Park, Heydər Əliyev Mərkəzi, Cavad xan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam və Amfiteatr, Şəmkir şəhərində Orta əsr Şəmkir şəhəri ərazisi, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Bayraq Muzeyi, “Abidələr” parkı və Alman kilsəsi, Göygöl rayonunda Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Alman evlərində olduqlarını, həmçinin Gəncə şəhərinin, Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olduqlarını bildirdilər, gəzib-gördükləri yerlər haqqında təəssüratlarını bölüşdülər. Yaradılmış yüksək şəraitdən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını ifadə etdilər.
Lerik Rayon Təhsil Şöbəsinin əməkdaşı Səlmiyyə Paşayeva cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin ölkəmiz haqqında biliklərinin genişlənməsinə, dünyagörüşünün artmasına böyük təsir göstərdiyini, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla, eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsiz olduğunu qeyd etdi. Bildirdi ki, layihə çərçivəsində məktəblilər ölkəmizin müxtəlif bölgələrinə səfərdən çox zəngin təəssüratla qayıdırlar. Bu tədbirlər həm təhsil işçiləri, həm də valideynlər tərəfindən razılıqla qarşılanır.
Valideynlər adından Elmira Nuriyeva, Taleh Nəzərov çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin gələcəyimiz olan uşaqlara xüsusi qayğı göstərdiyini valideyn olaraq həmişə hiss etdiklərini, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada uşaqlarının da iştirak etdiklərini, səfərdən zəngin təəssüratla qayıtdıqlarını, tətil günlərində onların istirahətinin maraqlı keçdiyini bildirdilər, yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi, tur-aksiya zamanı məktəbliləri müşayiət etmiş Nüsrət Kərimov çıxış edərək bildirdi ki, tur-aksiyanın sonuncu günündə – noyabrın 17-də Bakı şəhərinin Yasamal, Nəsimi və Nizami rayonları, Sumqayıt şəhəri, Lənkəran, Masallı, Astara, Lerik və Yardımlı rayonlarından olan məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir. Yarışa 54 komanda qatılmışdır. Oyunun nəticələrinə görə, Lerik məktəblilərinin təmsil olunduğu eyniadlı komanda üçüncü yeri tutmuşdur.
Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunduğunu bildirən Nüsrət Kərimov Lerik məktəblilərinin komandasının kubokunu Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova təqdim etdi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov məktəbliləri qalib olmaları münasibətilə təbrik edərək, onların ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə layiqli töhfələr vermələrini arzuladı.

Keçidlər