Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

09 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə veloyürüş və ümumrayon tədbiri keçirildi

08 noyabr 2018 | 16:00

09 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə veloyürüş və ümumrayon tədbiri keçirildi


“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 noyabr tarixli 595 nömrəli Sərəncamına, habelə gənclərin və yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində müəyyən edilmiş vəzifələrə uyğun olaraq 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, ümumtəhsil məktəblərində, eləcə də məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Vətəndaşlarda dövlət rəmzlərinə, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin güclənməsinə, uşaqların, yeniyetmə və gənclərin Azərbaycanın milli-mənəvi irsi və tarixi haqqında məlumatlandırılması, onların Azərbaycanın dövlət rəmzləri haqqında biliklərinin möhkəmlənməsinə yönələn məruzə və çıxışlar dinlənilmişdir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə noyabrın 8-də Lerik Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Lerik şəhərinin mərkəzindəki Dövlət Bayrağı meydanına veloyürüş keçirildi. 40 nəfərədək iştirakçının qatıldığı yürüş Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyindən start götürmüş, Heydər Əliyev meydanında şəhər sakinlərinin sürəkli alqışları ilə başa çatmışdır.
Sonra tədbir iştirakçıları Bayraq Muzeyində nümayiş etdirilən eksponatlarla tanış olmuş, muzeyin əməkdaşı tərəfindən eksponatlar barədə onlara ətraflı məlumat verildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri Dövlət Bayrağıdır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə, himnimizə ehtiram göstərir və bunu özünün müqəddəs borcu kimi qəbul edir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.
1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqlənmiş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın Dövlət Bayrağı elan edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu, məhz bu sərəncama uyğun olaraq hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə keçirildiyini qeyd etdi. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ərəfəsində Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonumuzda qısa müddət ərzində Bayraq Muzeyi inşa edildi və cənab Prezidentin 15 oktyabr 2018-ci il tarixdə rayonumuza 4-cü tarixi səfəri zamanı onun xeyir-duası ilə istifadəyə verildi. Çıxışının sonunda rayon icra hakimiyyəti başçısı bildirdi ki, bu günlərin bayram kimi qeyd edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Biz hədsiz qürur hissi keçiririk ki, Dövlət Bayrağımız bu gün dünyanın bütün qitələrində, beynəlxalq təşkilatların iqamətgahlarının qarşısında, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır. Bütün dünya azərbaycanlıları bu müqəddəs bayraq, azərbaycançılıq məfkurəsi ətrafında birləşirlər. Azərbaycanın bu gün tam müstəqil siyasət yürüdüyünü, xalqımızın bu siyasətin real nəticələrinin canlı şahidi olduğunu qeyd edən natiq Dövlət Bayrağımızın yaxın zamanda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızda dalğalanacağına əminliyini ifadə etdi.
Tədbir Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin və şəhər 3 saylı tam orta məktəbinin şagirdlərinin ifasında Dövlət Bayrağına həsr olunmuş bədi kompozisiya ilə davam etdirildi.

Keçidlər