Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi

07 noyabr 2018 | 16:00

07 noyabr 2018-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 14-17-də Gəncə-Şəmkir-Göygöl istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirdi. Məktəbliləri salamlayan rayon icra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur. Ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını almışdır.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Gəncə–Şəmkir–Göygöl, Şamaxı–İsmayıllı–Qəbələ–Şəki–Zaqatala, Quba–Qusar–Xaçmaz, Lənkəran–Masallı–Lerik–Astara, Naftalan–Ağcabədi–Ağdam–Bərdə–Füzuli–Tərtər) 9 tur-aksiya təşkil edilib. Sonuncu dəfə bu ilin 15–18 mart və 26–29 mart tarixlərini əhatə etmiş 9-cu tur-aksiyada 6 istiqamət üzrə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3393 nəfər iştirak etmişdir. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 20 mindən çox olmuşdur.
Bir neçə gündən sonra, noyabrın 14-dən start götürəcək tur-aksiyanın 10-cu mərhələsi çərçivəsində rayonumuzdan olan 40 nəfər şagird Gəncə–Şəmkir–Göygöl istiqamətində turda iştirak edəcəkdir. Bununla əlaqədar həmin gün səhər Heydər Əliyev meydanında yolasalma mərasimi keçiriləcəkdir. Tur-aksiyada məktəbliləri rayon icra hakimiyyətinin əməkdaşları, təhsil işçiləri, 1 həkim və digər şəxslər müşayiət edəcəklər.
Gəncə–Göygöl–Şəmkir istiqaməti üzrə səfər edəcək məktəblilər Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin, Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Proqrama uyğun olaraq ekskursiya turunun iştirakçılarının Gəncə şəhərində qədim qala divarları, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, İmamzadə məscidi, Nizami Gəncəvinin məqbərəsi, Nizami Gəncəvi adına Mərkəz və Xan bağı, Heydər Əliyev adına Milli Park, Heydər Əliyev Mərkəzi, Cavad xan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Comərdi Qəssab türbəsi, Amfiteatr, Gəncə Avtomobil Zavodu, Şəmkir şəhərində Orta əsr Şəmkir şəhəri ərazisi, Heydər Əliyev Mərkəzi, gənclər mərkəzi, bayraq muzeyi, “Abidələr” parkı, Alman kilsəsi və “İstiqlal” parkı, Göygöl rayonunda Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq muzeyi, Gənclər mərkəzi, Alman kirxası, tarix-diyarşünaslıq muzeyi, Alman evləri, burada yaşamış sonuncu alman Viktor Klaynın ev muzeyi, Hacıkənd qəsəbəsi və Göygöl Milli Parkına ekskursiyası nəzərdə tutulmuşdur.
Turda iştirak edəcək məktəblilər həmin bölgədə son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlərin görüldüyünün əyani şəkildə görəcək, tarixi məkanlar bunlar barədə məlumat alacaqlar.
Azərbaycanın dilbər guşələri multikultural ənənələri ilə də seçilir. Bölgələrdə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Azərbaycanın bölgələri iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkanlardır. Son illərdə bu bölgələrdə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq təşkil olunan tur aksiyalarda əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.
Görüşdə Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva, Lüləkəran kənd tam orta məktəbin direktoru Şakir Babayev, Hamarmeşə kənd tam orta məktəbin müəllimi Xanəhməd Məmmədov, “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları olmuş Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin şagirdi Ləman Hadıyeva və Lerik şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Kənan Seyfullayev çıxış edərək bildirdilər ki, cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin ölkəmiz haqqında biliklərinin genişlənməsinə, dünyagörüşünün artmasına böyük təsir göstərir. Bu layihə gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla, eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir. Layihə çərçivəsində məktəblilər ölkəmizin müxtəlif bölgələrinə səfərdən çox zəngin təəssüratla qayıdırlar. Bu tədbirlər həm təhsil işçiləri, həm də valideynlər tərəfindən razılıqla qarşılanır. Çıxış edənlər məktəblilərə ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdığına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda rayon icra hakimiyyəti başçısı bildirdi ki, artıq qrupun yola düşməsi üçün bütün təşkilati məsələlər həll olunmuş, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilib, icra hakimiyyətində yaradılan qərargah tərəfindən qrupa rəhbər təyin edilmişdir. Şagirdlər üçün xüsusi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və digər məsələlər müəyyən edilib, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur.
Tur zamanı, həmçinin asudə vaxtlarınızın səmərəli təşkili də nəzərə alınmışdır. Mən inanıram ki, siz rayonumuzu, təhsil aldığınız məktəbi layiqincə təmsil edəcəksiniz və evlərinizə çox böyük təəssüratlarla qayıdacaqsınız.

Keçidlər