Pirəsora kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Pirəsora kəndində Pirəsora və Büzeyir kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Pirəsora kəndində görüşürük.
İcra hakimiyyəti başçısı Rövşən Bağırov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramları barədə məlumat verdi və proqramların uğurlu icrası nəticəsində ölkəmizin hər bir bölgəsi kimi rayonumuzun da simasının dəyişərək müasirləşdiyini, əhalinin rifah halının daha da yaxşılaşdığını qeyd etdi.
2018-ci ildə Dövlət Proqramına uyğun olaraq hal-hazırda Lənkəran-Lerik, Piran-Hamarat-Vijaker avtomobil yollarında tikinti işlərinin davam etdiyini, rayon ərazisində 10 modul tipli məktəbin, Lerik şəhərinin, Şingədulan, Molalan, Sors və Geskon kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində və ərazi icra nümayəndəliyi üzrə görüləcək işlər barədə məlumat verən natiq qarşıdan gələn illərdə də respublikamızın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Cəbrayıl Səmədov, Şükür Əhmədov, Adıgözəl İsayev, Arzuman Cəfərov və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və ərazinin qazlaşdırılmasına, əraziyə gələn elektrik xətlərinin təmirinə, su probleminin həllinə, ərazidə sosial obyektlərin tikintisinə, Büzeyir kəndinin telefonlaşdırılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.