Vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Tikəband kənd inzibati əraziləri üzrə Tikəband, Davradibi, Zardoni, Nıso və Təndül kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük. Belə görüşlərin keçirilməsində əsas məqsədin ərazilərdə əhalini narahat edən problemlərin öyrənilməsi, bu problemlərin həllinə nail olmaqla əhalinin rifah hallının daha da yaxşılaşdırılması istiqamətində işlərin görülməsinin vacib olduğunu qeyd etdi.
İcra hakimiyyəti başçısı regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin, o cümlədən rayonumuzun da inkişaf etdiyini, əhalinin rifah halının daha da yaxşılaşdığını vurğuladı. Ötən dövr ərzində ərazidə, Tikəband, Davradibi və Təndül kəndlərində yeni məktəb binalarının tikildiyini, Tikəband kəndində yeni elektron ATS-in quraşdırıldığını, Aşağı Tikəband ibtidai məktəbi üçün modul tipli yeni binada son tamamlanma işlərinin aparıldığını, Tikəband ərazisində yaşayan əhalinin istifadə etdiyi Piran-Davradibi-Veri avtomobil yolunun mütəmadi təmir olunduğunu, yolun Davradibi kəndi ərazisində çayın üzərində dəmir-beton konstruksiyalı körpünün inşa edildiyini qeyd etdi və Dövlət Proqramına uyğun olaraq rayonda, o cümlədən Tikəband kənd inzibati ərazi dairəsi üzrə gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verdi.
Səyyar görüş-qəbullarda çıxış edən vətəndaşlardan Ağamoğlan Nəbiyev, Ağababa Rəhimov, Fail Abbasov, Qədir Rüstəmov, Fəxrəddin Ağayev, Gülağa Salayev, Əlövsət Əliyev və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və kənddaxili elektrik xətlərinin təmirinə, Tikəband kəndində içməli su təminatının yaxşılaşdırılmasına, Tikəband kənd məktəbinin su anbarının, Çayrud-Tikəband avtomobil yolunun təmirinə, ərazinin kəndlərinin qazlaşdırılmasına, Davradibi kəndində yeni ATS-in quraşdırılmasına, Davradibi kəndi ərazisində çay plantasiyalarının bərpasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.