Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

YAP Lerik rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

11 dekabr 2012 | 16:00

Tədbir iştirakçıları öncə ümummilli liderin abidəsini ziyarət etdilər. Daha sonra Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanışlıq oldu.
Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov xalqımızın dahi oğlu, YAP-nın yaradıcısı, müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verdi.
Daha sonra YAP Lerik rayon təşkilatının sədr müavini Əlipənah Bayramovun ümummilli liderin dövlətçilik fəaliyyəti, çağdaş Azərbaycan tarixində yeri və rolu haqqında geniş məruzəsi dinlənildi. Qeyd olundu ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 9 il ötsə də xalqımız unudulmaz şəxsiyyəti həmişə yad edir, onun xatirəsini əziz tutur. Vəfat etdiyi gün xalqımız böyük axınla onun məzarını ziyarət edir, xatirəsini hüznlə anır.
Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynayan ümummilli liderimiz Heydər Əliyev dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında mühüm rol oynadı və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazdı. Odur ki, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır.
Hələ Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikanın bütün ərazilərində böyük layihələr əsasında sürətli tikinti işləri aparılırdı. Həmin dövrdə Heydər Əliyevin səyi ilə İttifaq büdcəsi hesabına Bakıda aparılan tikinti-quruculuq işlərindən çox danışılır. Amma o vaxt təkcə Bakıda deyil, bütün rayonlarımızda yeni yaşayış evləri, inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət ocaqları və digər sosial obyektlər tikilib istifadəyə verilirdi. Azərbaycan hələ o dövrdə Heydər Əliyevlə böyüdü, sərhədləri aşaraq özünün varlığını bütün dünyaya çatdırdı. 1969-cu ildə o, respublikamızın rəhbəri təyin ediləndə Azərbaycan öz inkişaf səviyyəsinə görə sovet respublikalarının çoxundan geridə qalırdı. 1969-1982-ci illərdə Azərbaycanın inkişaf dinamikasına görə irəliyə çıxmasına məhz Heydər Əliyevin şəxsi keyfiyyətləri, işgüzarlığı və xalqın dərin inamını, məhəbbətini qazanması sayəsində nail olundu. O dahi şəxsiyyətin böyük uzaqgörənlik və tükənməz enerji ilə həyata keçirdiyi quruculuq salnaməsi sonralar Azərbaycanın milli dirçəliş konsepsiyasının əsasını təşkil etdi.
Daha sonra natiq qeyd etdi ki, Heydər Əliyev birinci dəfə də, ikinci dəfə də eyni şəraitdə ictimai-siyasi münasibətlərin kəskin şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağıldığı, hərc-mərclik yarandığı dövrlərdə ölkəyə rəhbərlik etməyə başlamışdır. Hamımızın yaxşı yadındadır: 1993-cü ildə Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək həddinə çatmışdı. Zaman və hadisələr, həyatın özü tələb edirdi ki, kimsə öz xalqının dövlətə inamını qoruya, ölkəni fəlakətlərdən xilas edə bilsin. Məhz Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni inam verdi və Azərbaycanın dünya tarixində öz yerini müəyyənləşdirdi.
1993-cü ilin iyununda Azərbaycan xalqı yenicə müstəqilliyə qovuşmuş dövlətin idarə olunmasını Heydər Əliyevə etibar edəndə bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik və tənəzzül baş alıb gedirdi. Sənaye və kənd təsərrüfatında istehsalın səviyyəsi gündən-günə azalır, çörək və digər zəruri ərzaq məhsulları almaq üçün növbələr yaranırdı. Ən əsası isə bölgələrdə separatçılıq əhval-ruhiyyəsi güclənir, cinayətkar ünsürlər meydan sulayır, insanlar etnik zəmində təqiblərə məruz qalır, torpaqlarımız işğal edilirdi.
Məhz Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, gələcəyə inam oyandı. Azərbaycan təcrid vəziyyətindən çıxdı və dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Onun uzaqgörən siyasəti ilə ölkə quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu.
Xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi və hüquqi sahədə islahatlara başlandı. 1993-cü ildə ümummilli lider tərəfindən ölkə iqtisadiyyatının bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan başlıca istiqamətləri müəyyənləşdirildi. Ən əsası isə bütün qanunların əsaslandığı Əsas Qanun - Konstitusiya qəbul edildi. Dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, bu gün də əldə olunan uğurlar Azərbaycan cəmiyyətini bu xəttin düzgünlüyünə bir daha əmin edir. Bu uğurlu siyasətin nəticəsidir ki, artıq iqtisadi göstəricilərinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutur. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünyada 10 ölkədən biridir. Dövlət büdcəsi son 10 il ərzində 22 dəfə artmış, valyuta ehtiyatı 45 milyard dollara çatdırılmışdır.
Ölkənin iqtisadi inkişafında, xalqımızın rifah halının yaxşılaşmasında, xüsusilə dünyada Azərbaycanın siyasi çəkisinin artmasında Heydər Əliyevin neft strategiyasının xüsusi rolunu vurğulamamaq mümkün deyil. O dahi şəxsiyyət tərəfindən Azərbaycanın milli mənafeyinə cavab verən və uzunmüddətli perspektivə istiqamətlənən neft strategiyası müəyyənləşdirildi. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın qabaqcıl ölkələri və ən iri neft şirkətlərinin iştirakı ilə çağdaş tariximizə “Əsrin Müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin imzalanmasına Heydər Əliyev siyasəti ilə yaranan sabitliyin və Qərb ölkələrində Heydər Əliyev şəxsiyyətinə olan inamla nail olundu.
Bildirildi ki, Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın əsl memarı, qurucusu idi. Bu gün iqtisadiyyatımız sürətli inkişafına, ordumuzun gündən-günə güclənməsinə, dünya elminə sürətlə inteqrasiya olunan elm və təhsilimizin, hər zaman dövlət qayğısı ilə əhatə olunan mədəniyyətimizin inkişafına, Azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsinə, bir sözlə müstəqil respublikamızın yeni tarixinin yaradılmasına o fenomen şəxsiyyətin, dahi filosofun, yenilməz sərkərdənin bizə miras qoyduğu zəngin irs, strategiya nəticəsində nail olunmuşdur.
Daha sonra YAP Lerik Rayon Təşkilatı Gənclər Birliyinin sədri Zamiq Əhədov, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, Peşə məktəbinin direktoru Hüseynbala Əliyev çıxış edərək Heydər Əliyevin dövlətçilik konsepsiyasının xalqımızın, dövlətçiliyimizin tarixindəki əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, İctimai həyatın müxtəlif sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumdaxili məhsuldakı çəkisinin artırılması, iqtisadiyyatın tarazlı və dinamik inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial-rifah halının yaxşılaşdırılması, regionların inkişafına nail olmaq məqsədi ilə Dövlət Proqramlarının təsdiq edilməsi, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, sahibkarlıq və biznes mühitinin formalaşdırılması, reallaşdırılan daxili və xarici siyasət nəticəsində müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycanın dünyanın 193 ölkəsindən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, nüfuzlu beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi bu gün də uğurla həyata keçirilən Heydər Əliyev siyasi kursunun təntənəsidir. Bu gün cismən bizimlə birlikdə olmasa da, onun ideyaları yaşayır və daim yaşayacaqdır.
Sonda tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş filmə tamaşa etdilər.
 

Keçidlər