2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2018-ci ilin birinci yarısında Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Şura iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov bildirdi ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı qeyd etmişdir ki, ölkəmiz cari ilin ilk yarısında uğurla inkişaf etmiş, nəzərdə tutulan bütün vəzifələr yerinə yetirilmişdir.
Ölkə rəhbəri hesabat dövründə iqtisadi sahədə əldə edilən uğurlardan danışarkən, iqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci bir dövlət olmadığını, hətta böhranlı illərdə belə respublikamızın öz iqtisadi gücünü qoruduğunu, böhrandan az itkilərlə çıxdığını diqqətə çatdırdı.
Cənab Prezidentin həyata keçirtdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın daha da gücləndiyini və beynəlxalq əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdıran natiq qeyd etdi ki, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı və rayonumuzun sosial-iqtisadi inkişafına hesablanmış digər Fərman və Sərəncamlar rayonumuzda uğurla icra edilir.
Havaların yağmurlu keçməsi səbəbindən və qış aylarında rayonumuzda tikinti-abadlıq işlərinin aparılması mümkün olmadığından, 2018-ci il üçün nəzərdə tutulmuş işlərin həyata keçirilməsinə əsasən aprel ayından başlanılmışdır. Şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı qazılmış küçə və meydanların asfaltlandırılması, şəhərdə mövcud olan fəvvarələr və kommunal binalarda təmir, xiyaban və parklarda dağılmış sahələrin bərpası, istinad divarlarının qurulması, işıqlandırma sisteminin yenilənməsi işləri həyata keçirilir. Kənd təsərrüfatı sahəsində də qarşıya qoyulan vəzifələr uğurla icra edilir. Hazırda taxıl biçini kompaniyası davam etdirilir.
Daha sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə ilə çıxış etdi.
Şura iclasında rayon kənd təsərrüfatı idarəsinin rəisi Mahmud Zahidov, təhsil şöbəsinin müdiri Zöhrab Salayev, elektrik şəbəkəsinin rəisi Namiq Quliyev və tarixçi Hüseynbala Əliyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı qarşıya qoyulmuş vəzifələrlə bağlı aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Bildirdi ki, sürətlə inkişaf edən Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr regional və beynəlxalq əməkdaşlığa töhfə verdiyi kimi, görünür, bəzi dairələrin də maraqlarına uyğun gəlmir.
Bu il Cümhuriyyətinin 100 illik yubileyini qeyd edən, sabitlik adası olan qüdrətli Azərbaycanın uğurlarını həzm edə bilməyən erməni və ermənipərəst antiazərbaycan qüvvələr zaman-zaman olduğu kimi, yenə də respublikamızda qarışıqlıq salmağa çalışırlar. Ancaq onlar unudurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycan deyil. Ölkə iqtidarı istər daxili, istərsə də xarici antiazərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir. Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. İyulun 10-da Gəncədə baş verən hadisələrdən də bir daha göründü ki, xalqımız heç vaxt bu cür ünsürlərə meydan verməyəcəkdir. Azərbaycanın müstəqilliyi əbədidir, dövlət idarəçiliyi etibarlı əllərdədir, xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır.
Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar və Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.