Lerikli gənclər təntənəli surətdə ordu sıralarına yola salındı
06 iyul 2018-ci il tarixdə Lerik şəhərində gənclərin hərbi xidmətə yola salınması ilə bağlı tədbir keçirildi.
Heydər Əliyev meydanında keçirilən tədbirdə çağırışçılarla yanaşı, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, valideynlər də iştirak edirdilər.
Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ulu Öndərinin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış oldular və abidəsini ziyarət edərək, tər gül dəstələri düzdülər.
Mərasim Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov son illərdə ordumuzun keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan ətraflı söhbət açdı.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov da son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, aprel döyüşlərində ordumuzun möhtəşəm qələbəsindən danışdı.
Tədbirdə çıxış edən YAP Lerik rayon Təşkilatının aparat rəhbəri Elxan Qəmbərov, rayon veteranlar şurasının sədri Veysəl Məlikov, valideynlər adından, milli qəhrəman atası Əlizaid Müslümov gənclərə xeyir-dua verdilər, onların hərbi vəzifələrə vicdanla və məsuliyyətlə yanaşmalarını tövsiyə etdilər.
Daha sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək hərbi xidmətin hər bir vətəndaş üçün müqəddəs borc olduğunu vurğuladı, gəncləri Vətənimizin keşiyində mətanətlə və sayıq dayanmağa çağırdı. O, ümummilli liderimiz Heydər Əliyevin nizami ordu quruculuğu sahəsində və ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində müstəsna xidmətlərindən danışdı. Bildirdi ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmiş və o, hazırda qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək qabiliyyətindədir. 2016-cı il aprel döyüşlərindəki ordumuzun möhtəşəm qələbəsindən, qürurverici əməliyyatlarından söhbət açan natiq, həmçinin son aylarda Naxçıvan Muxtar Respublikasındakı uğurlu əməliyyat nəticəsində min hektarlarla torpaq sahəsinin azad olunduğunu diqqətə çatdırdı.
Ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirən rayon icra hakimiyyətinin başçısı gənclərə uğurlar arzuladı.
Mərasim konsert proqramı ilə davam etdirildi.
Sonda gənc çağırışçılar Azərbaycan Bayrağının altından keçərək vətənə sədaqətlə xidmət edəcəklərinə söz verdilər, ordu sıralarına fərəhlə yollandılar.