Bürsülüm və Dəstər kənd inzibati ərazilərində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Bürsülüm və Dəstər kənd inzibati əraziləri üzrə Bürsülüm, Vov, Ləkər, Vənədi, Zeynəko, Bobla, Ancəqov, Dəstər və Bradi kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük. Belə görüşlərin keçirilməsində əsas məqsədin ərazilərdə əhalini narahat edən problemlərin öyrənilməsi, bu problemlərin həllinə nail olmaqla əhalinin rifah hallının daha da yaxşılaşdırılması istiqamətində işlərin görülməsinin vacib olduğunu qeyd etdi.
İcra hakimiyyəti başçısı Rövşən Bağırov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramları barədə məlumat verdi və proqramların uğurlu icrası nəticəsində ölkəmizin, o cümlədən rayonumuzun da inkişaf etdiyini, əhalinin rifah halının daha da yaxşılaşdığını vurğuladı.
2018-ci ildə Dövlət Proqramına uyğun olaraq hal-hazırda Piran-Hamarat-Vijaker avtomobil yolunun tikintisinin davam etdiyini, rayon ərazisində 10 modul tipli məktəbin, o cümlədən Vov kəndində 80 şagird yerlik məktəbin tikiləcəyini, Bürsülüm ərazisinin telefonlaşdırılması, Lerik şəhərinin və Şingədulan, Molalan, Sors və Geskon kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər barədə məlumat verən natiq Bürsülüm ərazisində 10 min-lik və 04 kv-lıq hava elektrik xətlərində 60 ədəd istismara yararsız dirəyin, bir min metr zədəli naqilin, Dəstər ərazisində 180 ədəd istismara yararsız dirəyin dəmir dirəklərlə əvəzləndiyini, 21 min metr zədəli naqilin yeniləndiyini diqqətə çatdırdı və qarşıdan gələn illərdə də respublikamızın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Səyyar görüş-qəbullarda çıxış edən vətəndaşlardan Habil Hüseynov, Arif Aslanov, İmanəli Kazımov, Mirbağır Babayev, Hüseynağa Hüseynov, Həsənağa Suvarov, Əlikram Rəhimov və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və əraziyə gələn elektrik xətlərinin təmirinə, Bobla və Bradi kəndlərinin içməli su təminatının yaxşılaşdırılmasına, Bürsülüm ərazisinin telefonlaşdırılmasına, Dəstər-Vov avtomobil yolundakı körpünün əsaslı təmirinə, ərazilərin qazlaşdırılmasına, taxıl biçini ilə əlaqədar kombaynların gətirilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.