Heydər Əliyev Mərkəzində ümummilli liderin xatirəsinə həsr olunmuş tədbirlər çərçivəsində dəyirmi-masa keçirilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər çərçivəsində 2012-ci il dekabrın 7-də Heydər Əliyev Mərkəzində YAP Lerik rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda dəyirmi-masa keçirilmişdir. Tədbirdə rayonda müxtəlif sahələrdə məsul vəzifələrdə çalışan qadınlar, ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri, fəal ziyalı xanımlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə YAP Lerik rayon təşkilatı Qadınlar Şurasının sədr müavini, əməkdar müəllim Gültəkin Şıxəliyeva açaraq bildirmişdir ki, məhz Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində qadınların hüquqlarının qorunması istiqamətində məqsədyönlü iş aparılmış, gender bərabərliyi məsələsi gündəmə gətirilmiş, respublikada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, qadınların müxtəlif vəzifələrə, xüsusilə də dövlət qulluğunda irəli çəkilməsinə diqqət artırılmışdır.
Rayon təhsil şöbəsinin metodisti Səlmiyyə Paşayeva, müəllim Vəsilə Əliyeva, şagirdlərdən Yasəmən Səttarzadə, Əminə Şirinzadə və başqaları çıxış edərək Azərbaycanın müstəqilliyi və dövlətçiliyi uğrunda yorulmadan mübarizə aparmış ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən, ümummilli liderin bütün sahələrdə həyata keçirdiyi siyasətdən, o cümlədən milli təhsilimizin inkişafına, gənclərin Vətənə layiqli övladlar kimi böyüməsinə göstərdiyi diqqət və qayğıdan bəhs etmişlər.
Sonda tədbir iştirakçıları tərəfindən vurğulanmışdır ki, bu gün heydər Əliyev siyasi kursunun uğurla reallaşdırılmasının nəticəsidir ki, ölkəmiz inkişaf mərhələsini yaşayır.
Bu gün Heydər Əliyev ideyaları yaşayırsa, deməli o, yaşayır.