15 İyun – Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kollektivlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik etdi, xoş arzularını çatdırdı. Bildirdi ki, bu günlərdə xalqımız dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu mühüm tarixi hadisənin - xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsinin növbəti ildönümünü, 15 İyun-Milli Qurtuluş Gününü böyük bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Ulu öndərin 25 il əvvəl - 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə respublikada vətəndaş müharibəsinin qarşısı alınmış, dövlətimizin ərazisinin parçalanması təhlükəsi aradan qalxmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi başlanmışdır.
Hamımıza məlumdur ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, xalqın heç bir dəstəyi olmadan hakimiyyəti ələ keçirmiş, xalq tərəfindən seçilməmiş ozamankı iqtidar Ermənistanın dövlətimizə qarşı açıq hərbi təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq və digər bu kimi təxirəsalınmaz tədbirləri həyata keçirmək əvəzinə, yalnız öz hakimiyyətini qorumağa çalışırdı. O zaman xalq hərəkatı dalğasında siyasi səhnəyə çıxan Azərbaycan Xalq Cəbhəsinin liderləri ilə iqtidar arasında hakimiyyət davası gedir, ölkədə xaos, özbaşınalıq hökm sürür, ayrı-ayrı şəxslərə, siyasi qruplara məxsus qanunsuz silahlı dəstələrin yaradılması Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi. Belə bir vəziyyətdə Ermənistanın silahlı qüvvələri torpaqlarımızın işğalını genişləndirirdi və bu da Azərbaycan xalqına qarşı bəşər tarixinin ən böyük qırğınlarından olan Xocalı soyqırımının həyata keçirilməsi ilə nəticələndi. Hakimiyyətdən uzaqlaşdırılan Ayaz Mütəllibov rejimini heç bir dövlət idarəçiliyi təcrübəsi olmayan Azərbaycan Xalq Cəbhəsi əvəz etdikdən sonra çox keçmədi ki, ölkəmiz böyük problemlərlə üz-üzə qaldı.
Belə bir vəziyyətdə Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürürdü. Hər gün ölkənin müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir və Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, digər tərəfdən, özünün yaratdığı problemlərdən çıxış yolu tapa bilməyən AXC–Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi.
1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya gəlişi Azərbaycanı xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşdü.
Həmin il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən şanlı günlərindən biri yaşandı: Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu öndər fədakarlıqla: “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, - söylədi.
Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın əsl memarı, qurucusu idi. Bu gün iqtisadiyyatımız sürətli inkişafına, ordumuzun gündən-günə güclənməsinə, dünya elminə sürətlə inteqrasiya olunan elm və təhsilimizin, hər zaman dövlət qayğısı ilə əhatə olunan mədəniyyətimizin inkişafına, Azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsinə, bir sözlə, müstəqil respublikamızın yeni tarixinin yaradılmasına o fenomen şəxsiyyətin, yenilməz sərkərdənin bizə miras qoyduğu zəngin irs, strategiya nəticəsində nail olunmuşdur.
15 iyun tarixi eyni zamanda Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümü olduğunu vurğulayan natiq ulu öndərin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın müstəqil dövlət kimi dünyada tanındığını, iqtisadi inkişafına görə inkişaf etmiş dövlətlər sırasına qoşulduğunu, beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və iri miqyaslı enerji layihələrini həyata keçirdiyini vurğuladı.
Sonra tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi və onun siyasi fəaliyyəti haqqında məruzə edərək o dövrdə respublikada cərəyan edən hadisələr haqqında ətraflı məlumat verdi.
Daha sonra tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, rayon təhsil şöbəsinin əməkdaşı Qafur Xosiyev qeyd etdilər ki, Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Ulu Öndər böyük risklərə baxmayaraq, xilaskarlıq missiyasını cəsarətlə üzərinə götürdü. Biz bu gündə bu Qurtuluşun bəhrələrini görür və həyatımızda hər an hiss edirik.
Sonda rayon icra hakimiyyəti başçısı tədbir iştirakçılarını bir daha bayramlar münasibətilə təbrik etdi, son illər cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Dövlət Proqramlarının uğurla icra edildiyini və 2018-ci ildə cənab Prezidentin müvafiq sərəncamları ilə rayonda görüləcək işləri diqqətə çatdırdı.