Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açıldı
Lerik şəhərindəki “Xeyir-şər” evində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açıldı.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıldı.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Azərbaycanda və eləcə də Lerik rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğuladı. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini bildirdi. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırdı. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə işğal edilmiş bütün torpaqları işğaldan azad ediləcəyinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə, o torpaqlarda da belə gözəl iftar süfrələrinin açılacağına əminliyini bildirdi.
İftar süfrəsində iştirak edənləri və onların simasında bütün rayon əhalisini müqəddəs ramazan bayramı münasibəti ilə təbrik edən rayon icra hakimiyyəti başçısı xoş arzularını çatdırdı.
Daha sonra Ramazan duası oxundu.