Rayon icra hakimiyyəti başçısının Kirəvud ərazi icra nümayəndəliyində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Kirəvud kəndində Kirəvud, Ordahal və Ərdəbilə kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə vətəndaşları təbrik etdi.
Bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Kirəvud kəndində görüşürük.
Rayon icra hakimiyyəti başçısı cənab Prezidentin regionlara göstərdiyi diqqətdən, ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, qəbul edilmiş Dövlət Proqramlarının icra vəziyyətindən geniş söhbət açdı. Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində ölkəmizin hər bir bölgəsi kimi rayonumuzun da simasının günü-gündən dəyişərək müasirləşdiyini, əhalinin rifah halının daha da yaxşılaşdığını vurğuladı.
Kirəvud ərazisində görülən işlərdən, həmçinin ərazidə kənd təsərrüfatının inkişaf etdirilməsi perespektivlərindən, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan müsbət işlərdən danışan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov respublikamızın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəyinə əmin olduğunu bildirdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Xanlar Nəsirov, Sərdar Əliyev, Seydəli Məmmədov, Cəmil Əhədov, Aydınəli Əliyev, Alim Malıyev, Kamil Kazımov, Valeh Eyvazov, Zaid Rzayev çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və Kirəvud kəndinin qazlaşdırılmasına, 6 kəndi birləşdirən Gürdəsər-Ərdəbilə körpüsünün təmirinə, kənddaxili elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsinə, taxıl zəmilərinin biçilməsindən ötrü kombayınların verilməsinə, Buruq kəndində artezian quyusunun qazılmasına, Lələdulan kəndinə telefon xəttinin çəkilməsinə, Boykəndil kəndində kənd məktəbinin tikintisinin başa çatdırılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.