Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Azərbaycan Xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirildi.
Öncə konfrans iştirakçıları Mərkəzləşdirilmiş Kitabxana Sisteminin qarşısındakı meydanda ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı roluna, ictimai-siyasi fəaliyyətinə, həyat və yaradıcılığından bəhs edən kitablardan ibarət sərgi ilə tanış oldular, sonra mədəniyyət mərkəzində “Əbədi lider” adlı qısametrajlı sənədli filmə baxdılar.
Konfransı giriş nitqi ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü respublikanın hər yerində olduğu kimi rayonumuzda da böyük təntənə ilə, bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir.
Heydər Əliyev böyük azərbaycanlı idi və qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini xüsusi vurğulayır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Milli mənəvi dəyərlər dirçəlib, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar olub. Ümummilli liderimizin siyasi müdrikliyi və böyük təşkilatçılıq qabiliyyəti ona ölkədə və onun sərhədləri xaricində böyük nüfuz qazandırmışdı.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını 1995-ci ildə ulu öndərin sədrliyi ilə hazırlanmış və referendum yolu ilə xalqımız tərəfindən qəbul edilmiş ilk Konstitusiya təşkil edirdi. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətin bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynamış ümummilli liderimiz Heydər Əliyev dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında əvəzsiz xidməti olmuş və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazmışdır. Odur ki, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır.
Konfransda ulu öndərin Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı sahələri üzrə fəaliyyətini əks etdirən “Heydər Əliyev Azərbaycan dövlətinin memarıdır” mövzusunda rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevin, “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda rayon prokuroru Bəhruz İbrahimovun, “Heydər Əliyev - ağsaqqallar ağsaqqalı” mövzusunda Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədovun, “Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı rolu” mövzusunda rayon təhsil şöbəsinin müdiri Zöhrab Salayevin, “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayevin və “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclər və idman idarəsinin rəisi Natiq İsaqovun məruzələri dinlənildi.
Sonra Yeni Azərbaycan Partiyasının Əliabad ərazi ilk partiya təşkilatının sədri Əkrəm Abdullayev ulu öndər haqqında xatirələrini bölüşdü və ulu öndərə həsr etdiyi “Sənsən xilaskar” şerini söylədi.
Yekun sözü ilə çıxış edən icra hakimiyyəti başçısı bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı Dövlət Proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Bunu regionların timsalında daha aydın görmək olur. Təkcə rayonumuzda aparılan tikinti-quruculuq, abadlıq işləri, yeni sosial obyektlər, məktəblər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən yaşayış binaları və rayonumuzun inkişafında mühüm rol oynayan turizm bazalarının yaradılması dediklərimizə əyani nümunə olduğunu qeyd etdi. Bu gün Lerikdə ən böyük layihələrin modul tipli elektrik stansiyasının, broyler fabrikinin tikilməsi, əhalimizin ən ağrılı problemi olan içməli su probleminin həll edilməsi və Lerik şəhərində kanalizasiya sisteminin yaradılması, yolların çəkilməsi, körpülərin salınması, bir sözlə, xalqın güzəranının ildən-ilə yaxşılaşması Heydər Əliyev siyasi kursunun təntənəsi olduğunu vurğuladı.