Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi

31 mart 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günün 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Öncə soyqırımı qurbanlarının xatirəsi sükutla yad edildi.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələrin ən yüksək zirvəsi may ayının 28-də dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm hadisələr - 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edildi və Azərbaycan hökuməti Bakıya köçürüldü, dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması idi.
Lakin bu əlamətdar hadisələrə qədər xalqımız üçün faciəvi olan və onun mövcudluğunu şübhə altına qoyan hadisələr baş vermişdir. XIX əsrin sonlarından “Qnçak” və “Daşnaksütyun” erməni partiyalarının meydana gəlməsi ilə Osmanlı imperiyası və Zaqafqaziya ərazisində Erməni dövlətinin yaradılmasına yönəlmiş təxribat planı hazırlandığını və plan əsasında silahlı siyasi fəaliyyətə başlandığını qeyd etdi. 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri haqqında ətraflı məlumat verdi. Həmin ildə xalqımıza qarşı törədilən soyqırımı hadisələri uzun müddət saxtalaşdırılmaya məruz qaldığını, ört-bastır edildiyini bunun nəticəsində XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxartdığını vurğuladı.
Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi hüquqi qiymət verildiyini və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırdı.
Natiq qeyd etdi ki, törədilmiş bu soyqırımı hadisələrinin 100 illiyi tamam olur. Cənab Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli 3587 nömrəli Sərəncamına uyğun olaraq bu günlərdə respublikanın hər yerində olduğu kimi rayonumuzda da soyqırımın yüzüncü ildönümünə həsr olunmuş  müxtəlif tədbirlər keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir. Bu gün dövlət başçısı və Heydər Əliyev Fondunun rəhbərliyi ilə xalqımızın başına gətirilmiş soyqırımı aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün dünyanın aparıcı dövlətlərində hökumət səviyyəsində ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirilir. Bu siyasətin nəticəsidir ki, artıq dünyanın bir sıra dövlətlərinin qanunverici orqanlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair, Xocalı soyqırımını tanıyan və pisləyən qətnamə və bəyanatlar qəbul edilmişdir. Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qətnamə və bəyanatlarda Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində qırğın törədilməsi faktı tanınmışdır. Eyni zamanda ABŞ-ın bir çox ştatının qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə 1918-ci ilin martında minlərlə dinc azərbaycanlının öldürülməsinin insanlıq tarixində ən dəhşətli hadisələrdən olduğu vurğulanmışdır.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova 1918-ci il Mart soyqırımına dair geniş məruzə etdi.
Məruzə ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, tarixçi Hüseynbala Əliyev, 1 saylı texniki təmayüllü liseyin X sinif şagirdi Nuranə Musayeva çıxış edərək uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını qeyd etdilər. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası nəticəsində dünya dövlətlərinin bir sıra parlamentlərinin qəbul etdikləri qətnamələri diqqətə çatdırdılar. Bu tarixi faciələrin gələcək nəslə çatdırılması məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu vurğuladılar. Bu hadisələrin gələcək nəslə ötürülməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlının öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə borclu olduğunu bildirdilər.

Keçidlər