Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi

12 mart 2018 | 16:00

12 mart 2018-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində martın 15-18-də Quba-Qusar-Xaçmaz istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirdi. Məktəbliləri salamlayan rayon icra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur. Ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını almışdır.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ötən müddətdə respublika üzrə ildə 2 dəfə olmaqla 7 istiqamət üzrə 8 tur-aksiya təşkil olunub. Bütün bölgələrin əhatə olunduğu bu tur-aksiyada 20000 nəfərə yaxın məktəbli iştirak edib. Hal-hazıradək rayonumuzun 189 nəfər məktəblisi Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və Naxçıvan istiqamətləri üzrə tur-aksiyalarda iştirak etmişdir. Digər şəhər və rayonlardan 1000 nəfər şagird tur-aksiyalar zamanı rayonumuzda olmuşdur.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq təşkil olunan tur aksiyalarda əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.
Rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiya haqqında məlumat verərək bildirdi ki, martın 15-dən start götürən tur-aksiyanın 9-cu mərhələsi çərçivəsində rayonumuzdan olan 40 nəfər şagird də Quba-Qusar-Xaçmaz istiqamətində turda iştirak edəcəkdir. Bununla əlaqədar həmin gün səhər Heydər Əliyev meydanında yolasalma mərasimi keçiriləcəkdir. Tur-aksiya məktəbliləri rayon icra hakimiyyətinin əməkdaşları, gənclər və idman idarəsinin rəisi, 1 həkim və digər şəxslər müşayiət edəcəkdir.
Quba-Qusar-Xaçmaz istiqamətində turda iştirak edəcək məktəblilər həmin bölgədə son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlərin görüldüyünün əyani şəkildə görəcək, tarixi məkanlar bunlar barədə məlumat alacaq, Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Qubada fəaliyyətə başlayan “ASAN həyat” kompleksi barədə məlumatlar da tur-aksiya iştirakçılarında marağına səbəb olacaq.
Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi”nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq.
Ölkəmiz son illər böyük nailiyyətlər əldə etmişdir. Respublikamızın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət edən bir sıra iri layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları rayonumuzda da uğurla icra edilmişdir. Tur-aksiyada iştirak edəcək məktəblilər bütün bunların əyani şahidi olacaqlar.
Görüşdə rayon təhsil şöbəsinin müdiri Zöhrab Salayev, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin şagirdi Nərmin Həşimbəyli, Lerik şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Niyazi Vəliməmmədov, Lüləkəran kənd tam orta məktəbinin şagirdi Əli Əlizadə və digərləri çıxış edərək bildirdilər ki, cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin ölkəmiz haqqında biliklərinin genişlənməsinə, dünyagörüşünün artmasına böyük təsir göstərir. Bu layihə gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla, eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir. Layihə çərçivəsində məktəblilər ölkəmizin müxtəlif bölgələrinə səfərdən çox zəngin təəssüratla qayıdırlar. Bu tədbirlər həm təhsil işçiləri, həm də valideynlər tərəfindən razılıqla qarşılanır. Çıxış edənlər məktəblilərə ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdığına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda rayon icra hakimiyyəti başçısı bildirdi ki, artıq qrupun yola düşməsi üçün bütün təşkilati məsələlər həll olunmuş, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilib, icra hakimiyyətində yaradılan qərargah tərəfindən qrupa rəhbər təyin edilmişdir. Şagirdlər üçün xüsusi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və digər məsələlər müəyyən edilib, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur.
Tur zamanı, həmçinin asudə vaxtlarınızın səmərəli təşkili də nəzərə alınmışdır. Mən inanıram ki, siz rayonumuzu, təhsil aldığınız məktəbi layiqincə təmsil edəcəksiniz və evlərinizə çox böyük təəssüratlarla qayıdacaqsınız.

Keçidlər