8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal olan qadınlarla rayon icra hakimiyyəti başçısının görüşü keçirildi.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 8 Mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə qadınları təbrik etdi. Bildirdi ki, Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır. Qadınlarımız öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərirlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Bu gün də ölkə başçısı Prezident cənab İlham Əliyev qadınlara hər zaman diqqət və qayğı göstərir, onun rəhbərliyi altında təhsildə, səhiyyədə, idarəetmə orqanlarında mətbuatda və digər sahələrdə qadınlar hər zaman vəzifədə irəli çəkilirlər.
Rayonumuzda müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınlar uğurla fəaliyyət göstərir. Onlardan bir neçəsinin fəxri adlara, dövlət təltiflərinə layiq görülməsi, o cümlədən bayram ərəfəsində Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayevanın cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi ölkə rəhbərinin rayonumuzun bütün qadınlarının əməyinə verdiyi qiymətdir.
Tədbir iştirakçıları adından rayonun əməkdar həkimi Sadiqə Rufullayeva və 01 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilmiş Lerik Uzunömürlülər muzeyinin direktoru Dilarə Fətullayeva çıxış edərək son illər cənab Prezidentin tapşırığı ilə rayonumuzda aparılan tikinti-quruculuq işlərinə, eləcə də qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonra rayon icra hakimiyyəti başçısı “Tərəqqi” medalını Dilarə Fətullayevaya təqdim etdi.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim edildi.