Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Hamarmeşə kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

01 mart 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Hamarmeşə kənd tam orta məktəbində Vizəzəmin kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərin vətəndaşları ilə səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən rayonda və kəndlərdə yaşayan əhalinin problemlərini öyrənmək üçün rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərləri ilə əhali ilə yerlərdə səyyar görüş-qəbullar keçiririk. Ərazilərdə səyyar qəbul keçirməkdə məqsədimiz ümumi vəziyyəti faktiki öyrənməkdir. Rayon əhalisinin rifahının yaxşılaşdırılması, habelə onların sosial-mədəni sahələrdə problem və təkliflərinin öyrənilməsi məqsədi ilə yerlərdə keçirilən qəbulların müstəsna əhəmiyyəti vardır. Məhz buna görədir ki, son illər rayon icra hakimiyyətində bu amilə xüsusi həssaslıqla yanaşılır, daxil olan vətəndaş müraciətlərində verilmiş təkliflər öyrənilir və araşdırılaraq lazımi tədbirlər görülür. Qəbullarda qaldırılan məsələlər, təkliflər rayon icra hakimiyyətində ümumiləşdirilir, Prezident Administrasiyasına və digər müvafiq təşkilatlara göndərilir. Hər bir təklif ciddi nəzarətə götürülür. Onun icrası yoxlanılır, nəticəsi barədə vətəndaşlara məlumat verilir.
Rayon icra hakimiyyəti başçısı daha sonra qeyd etdi ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Dövlət Proqramları nəticəsində respublikanın bütün regionları ilə yanaşı rayonumuzda da bir çox işlər görülmüşdür. Cənab Prezidentin siyasətinin əsasını əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həll edilməsi təşkil edir. Sizin ərazi də geniş, turizmin inkişafı üçün böyük potensiala malik ərazidir. İnfrastruktur sahəsində görülən işlər ərazinizə də təsir göstərir. Ərazinizdə bəzi kəndlərin qazlaşdırılması həyata keçirilsə də, bir qisminə hələ də, təbii qaz xətti çəkilməmişdir. Həmin qazlaşdırılmamış kəndlərin də qısa müddət ərzində təbii qazla təmin olunması həyata keçiriləcəkdir. Ərazinizdə kəndara yollarda təmir-bərpa işləri aparılmışdır. Almu kəndinə gedən yolda körpü tikilmişdir. Eyni zamanda yeni elektron ATS quraşdırılaraq vətəndaşların istifadəsinə verilmişdir. Son illərdə Bıbiyani,  Vizəzəmin, Hamarmeşə kənd məktəbləri, həkim məntəqəsi üçün yeni binalar tikilmişdir. Ötən il Almu kəndində modul tipli  məktəb binası tikilmiş, ərazinin kəndlərində elektrik xətlərində təmir-bərpa işləri aparılmışdır. Əhalini narahat edən müəyyən problemlər də mövcuddur ki, onların da həlli istiqamətində işlərimiz davam etdirilir. Biz də öz növbəmizdə əhalinin rifah halının yaxşılaşdırılmasından və məşğulluğun təmin olunmasından ötrü əlimizdən gələni əsirgəmirik.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Xanəmir Hümmətov, Tofiq Məmmədov, Bəyəli Hümmətov, Adil Şahbazov, Elşad Muradov çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və Hamarmeşə kənd məktəbinin qazlaşdırılmasına, kəndlərarası avtomobil yollarının təmirinə, Bıbiyani kəndində yeni məktəb binası və həkim məntəqəsi üçün binanın inşa olunmasına, Peştətük kəndində məscidin tikintisinə, Hamarmeşə kəndində piyada körpüsünün tikintisinə, kənddaxili elektrik xətlərinin təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər