Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısının Nüvədi ərazi icra nümayəndəliyində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

22 fevral 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Nüvədi kənd ümumi orta məktəbində Nüvədi, Vistən, Brkandul və Rəzəvul kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, ərazilərdə, kəndlərdə vətəndaşlarla görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq keçirilir. Sizinlə belə görüşlərimiz bir neçə dəfə olmuşdur. Bu gün səyyar qəbullar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının hazırlanmasında da mühüm rol oynayır. Qəbullarda qaldırılan məsələlər, təkliflər rayon icra hakimiyyətində öyrənilir, ümumiləşdirilir, Prezident Administrasiyasına və digər müvafiq təşkilatlara göndərilir. Hər bir təklif ciddi nəzarətə götürülür. Onun icrası yoxlanılır, nəticəsi barədə vətəndaşlara məlumat verilir.
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin edilməsi və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət Proqramında bütün regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir.
Həyata keçirilən Dövlət Proqramları nəticəsində respublikanın bütün regionları ilə yanaşı rayonumuzda da bir çox işlər görülmüşdür. Cənab Prezidentin siyasətinin əsasını əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həll edilməsi təşkil edir. Ötən müddət ərzində rayonumuzun inkişafı  üçün çox vacib olan Noda-Şingədulan-Xanagah və Lerik-Qosmalıan-Kəlvəz avtomobil yollarının tikintisinin başa çatdırılması, Dünya Bankının ayırdığı vəsait hesabına Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, həmçinin 19 kilometrlik Qosmalıan-Lerik yüksək təzyiqli magistral su xəttinin çəkilməsi, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsinin yenilənməsi, eyni zamanda suya ehtiyacı olan kəndlərin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə bir neçə kəndimizdə artezian quyularının qazılması, yaşayış məntəqələrinə su xətlərinin çəkilməsi rayonumuza göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.  Son günlərdə bir qrup imtiyazlı təbəqədən olan şəxslərin müavinət və təqaüdlərinin artırılması ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamlar əhali tərəfindən razılıqla qarşılnır.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Çingiz Nəsirov, Ərəstun Kişiyev, Hüseyn Feyziyev, Əlibaba Ağayev, Qəhrəman Kişiyev, Nəci Quliyev, Fədail Nəzərov  çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və kənddaxili və kəndlərarası avtomobil yollarının təmirinə, Vistən kənd uşaq bağçasının bərpasına,  Brkandul kəndində yeni məktəb binasının tikintisinə, şəhid ailəsi üçün tikintisi yarımçıq qalmış evin tikintisinin başa çatdırılmasına, Vistən kəndindən Noda kəndinə əlaqəni təmin edən piyada körpüsünün təmirinə, qəzalı vəziyyətdə olan evinin təmiri üçün tikinti materiallarının verilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər