Şuranın növbəti iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayaraq Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.
İclasda “Günəşli, Çayrud və Siyov kənd uşaq bağçalarında məktəbəqədər yaşlı uşaqların tərbiyəsi və ümumi təhsilə hazırlanmasının vəziyyəti haqqında” rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın arayışı dinlənildi. Rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin, o cümlədən yoxlama aparılmış Günəşli, Çayrud və Siyov kənd uşaq bağçalarının fəaliyyətinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi məsələləri geniş müzakirə olundu.
Şura iclasının müzakirə olunan məsələ ilə bağlı qəbul edilmiş qərarı ilə aidiyyəti vəzifəli şəxslərə uşaq bağçalarının fəaliyyətində yol verilmiş nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması, uşaq bağçalarının fəaliyyətinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə nəzarətin təmin edilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi və ərzaqla təchizatı istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, məktəbəqədər təhsil müəssisələrinə metodiki nəzarətin gücləndirilməsi ilə dövlət məktəbəqədər təhsil standartının tələblərinə uyğun olaraq hazırlanmış proqram (kurikulum) əsasında məşğələlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi tövsiyə olundu, nöqsanlara yol vermiş vəzifəli şəxslər barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edildi.
Rayon icra hakimiyyətinin başçısı Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlərlə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.